Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
“Buradakı atmosferə görə “Kəpəz”in rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Sanki Avropa matçına çıxmışdıq. Futbol oynamaq üçün hər cür şərait var idi. Futbolçularıma təşəkkür etmək istəyirəm, sona qədər mübarizə apardılar. Deyiləcək çox şey yoxdur. Sadəcə irəli getməliyik.
Bizə qarşı istək həmişə həddindən artıq böyük olur. Bu, sevindirici haldır. Çempionatın səviyyəsini görürük. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı kollektiv görəcəyik.
Rəqibi də nəzərə almaq lazımdır. İstənilən komanda ilk hissədə daha istəkli olur. Onlar tez-tez əks-hücumlara çıxırdılar.
Buradakı atmosfer mənə əvvəlki illəri xatırlatdı. Bu stadionda həmişə belə olub. 2004-cü ildəki “qızıl oyun”da da belə ab-hava var idi. Ümumiyyətlə, hər şey çox yaxşı idi. Azarkeş mədəniyyəti də hiss olunurdu, nalayiq ifadələr işlədilmirdi.
Ola bilər ki, ötən il topa daha çox nəzarət edirdik. Bu il oyunçular daha sürətlidirlər. Ötən illə müqayisədə müəyyən fərq var. Ümumilikdə, vəziyyətə pozitiv yanaşıram. Hər şey daha yaxşıya doğru gedir. Çempionatın səviyyəsi xeyli artıb, məşqçilər də inkişaf ediblər. Bir çox komanda hazırda bizdən daha təcrübəlidir. Beş oyundur qələbə qazanmamağımız, əlbəttə ki, bizi narahat edir”, – deyə Qurbanov bildirib.
Baş məşqçi Bəhlul Mustafazadənin çıxışına da münasibət bildirib:
“Bəhlul uzun müddət zədə səbəbindən komandadan kənarda qalmışdı. Hətta bu gün onun 60 dəqiqə oynamasını istəyirdim. Amma özündən soruşdum, oynamaq istəyirdi. Kritik epizodda topu qapıdan çıxarması onun yaxşı bacardığı işlərdəndir”.
Qurbanov transfer siyasəti və Kadi Borgesin fiziki vəziyyəti barədə də danışıb:“İlk növbədə, əlimizdə olan futbolçuları daha yaxşı səviyyəyə çatdırmalıyıq. Bundan başqa, ilboyu axtarışdayıq. Transfer etdiyimiz oyunçu komandaya tez uyğunlaşırsa, çox yaxşı. Uyğunlaşmasa, ona vaxt veririk. Ümumiyyətlə, daim heyətimizi genişləndirməyə çalışırıq. Bəzən fasilələr futbolçuların idman formasını itirməsinə səbəb olur. Kadi Borgesin də artıq çəkisi var. Amma onun oyununda müsbət məqamlar da görürəm. Sürətdən razı deyiləm. Buna baxmayaraq, yaxşılığa doğru irəliləyiş var. Çempionatı hiss etmək lazımdır. İstədiyimiz kimi alınmır, amma geriyə yolumuz yoxdur. Yaxşılığa doğru çox şey var. Elə dövr də gələ bilər ki, biz yaxşı çıxış edək, digər komandalar isə eniş yaşasınlar”.













