Bu gün futbol üzrə UEFA çempionlar Liqasının (çL) final matçı keçirilib. 
 
Matc.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gəlib.
 
İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç "Estadio da Luş" stadionunda keçirilib.
 
Bu oyun komandaların avrokuboklarda 9-cu dueli idi. PSJ və "Bavariya" indiyədək çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanmışdı.
 
PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindəydi. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə çL-də finala yüksəlmişdi. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcəkdi. 
 
Lakin "Bavariya" PSJ-nin bu istəyini reallaşdırmasına imkan verməyib. Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə "Liverpul"u ilə birlikdə çL-i ən çox qazanan üçüncü komanda olub.
 
UEFA çempionlar Liqası
Final
23 avqust
 
PSJ (Fransa) - "Bavariya" (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. "Estadio da Luş" stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest