Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Norveçin "Molde" klubu ilə mübarizə aparacaq.

Azərbaycan çempionu "Qarabağ" UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Norveçin "Molde" klubu ilə mübarizə aparacaq.
 
Matc.az xəbər verir ki, əvvəlki mərhələlərdə "Sileks"i (Şimali Makedoniya) 4:0, "Şerif"i (Moldova) 2:1 hesabı ilə məğlub edən Ağdam klubu bu dəfə də rəqibini doğma meydanda qəbul edəcək. Bu mərhələnin matçları sentyabrın 15-16-da keçiriləcək.
 
"Molde" 1911-ci ildə yaradılıb. 109 yaşlı klub eyniadlı şəhəri təmsil edir. Komanda ev oyunlarını 11 249 nəfərlik "Aker" stadionunda keçirir.
 
Yaşlı klub olmasına baxmayaraq, "Molde"nin ən böyük uğurları son illərə təsadüf edir. Komanda ilk çempionluğunu 2011-ci ildə qazanıb. 2012, 2014-cü ildə də bu uğurunu təkrarlayan "Qarabağ"ın rəqibi son olaraq ötən mövsümdə çempion adını qazanıb. Dördqat Norveç çempionu 9 dəfə gümüş, 3 dəfə bürünc medallara sahib çıxıb. 1994, 2005, 2013 və 2014-cü illərdə Norveç kubokunun qalibi olan "Molde", 1982, 1989 və 2009-cu ildə də finalda uduzub.
 
Komanda geridə qalan mövsümdə 30 oyuna topladığı 68 xalla birinci olub. "Molde" 21 qələbə qazanıb, 5 heç-heçəyə razılaşıbsa, 4 oyunda məğlubiyyətlə üzləşib. Top fərqi də kifayət qədər diqqət çəkir: komanda 72 qol vurubsa, öz qapısından 31 top çıxarıb.
 
"Molde" də "Qarabağ" kimi çempionlar Liqasında yeni mövsümə 1-ci təsnifat mərhələsindən başlayıb. Norveç çempionu ilk cəhdində "KuPS" (Finlandiya) klubuna doğma meydanda 5:0 hesabıyla qalib gəlib. 2-ci təsnifat mərhələsində Sloveniyada "çelye" ilə qarşılaşan "Qarabağ"ın rəqibi bu oyunda da 2:1 hesabıyla üstün olub.
 
Norveç çempionunu Erlinq Mo çalışdırır. 50 yaşlı norveçli mütəxəssis 2018-ci ildə Ula Qunnar Sulşerin "Mançester Yunayted"ə gedişindən sonra bu komandaya rəhbərlik edir. 2015-ci ildən "Molde"də çalışan Mo, bu kollektivə çox yaxşı bələddir.
 
"Molde"nin heyəti bütövlükdə norveçlilərdən ibarət olsa da, İsveç, Belçika, Qambiya, ABŞ, Fil Dişi Sahili və Nigeriyadan olan yeddi legionerə də sahibdir. Nigeriyadan olan Leke Ceyms ötən mövsüm bu komandanın heyətində 17 qol vurubsa, Nigeriya əsilli olmasına rəğmən, Norveç vətəndaşlığı da almış Ohi Omoyjuanfo 15 qola imza atıb. Bombardirlər sırasında 11 qol vurmuş Maqnus Eykrem də var.
 
Bu mövsüm isə "Molde" Norveç çempionatında 17 oyuna topladığı 34 xalla ikinci sırada qərarlaşıb. 11 qələbəsi olan komanda cəmi 1 heç-heçəyə razılaşıbsa, 5 dəfə meydanı məğlub tərk edib. 45 qola imza atan komanda 20 dəfə məyus olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest