"Fikrimcə, yaxşı çıxış etdik. Birinci və xüsusən də, üçüncü seti yüksək səviyyədə keçirdiyimizi vurğulamalıyam. Lakin oyun ərzində kifayət qədər səhvlər etdik".
"Bu gün Türkiyə yığması çox yaxşı çıxış etdi". Matç.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.
Komandamız Yaponiyada təşkil edilən dünya çempionatının qrup mərhələsi çərçivəsində bu gün Türkiyə ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.
Görüşlə bağlı turnirin rəsmi saytına danışan Ağayev yenilgiyə baxmayaraq, tam narazılıq bildirməyib: "Fikrimcə, yaxşı çıxış etdik. Birinci və xüsusən də, üçüncü seti yüksək səviyyədə keçirdiyimizi vurğulamalıyam. Lakin oyun ərzində kifayət qədər səhvlər etdik. Növbəti görüşə yaxşı hazırlaşmalıyıq. çünki bu, bizim dünya çempionatında son oyunumuz olacaq".
Ağayevdən fərqli, qalib komanda Türkiyənin baş məşqçisi Covanni Quydetti yetirmələrindən narazılıq edib: "Əlbəttə ki, nəticədən razıyam. Lakin sərgilədiyimiz oyundan məmnun deyiləm. Komandamız hələ də böyük təzyiq altında çıxış edir. Bu üzdən istədiyimiz səviyyədə oynaya bilmirik".
Millimizin kapitanı Odina Əliyeva da səhvlərin çoxluğundan gileylənib: "Bu gün qələbə qazanmağı çox istəyirdik. Lakin çoxlu sayda səhvlərə yol verdik. Sabah son görüşümüzü keçirəcəyik. ümid edirəm ki, Bolqarıstanla qarşılaşmadan qalib ayrılacağıq".