2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvləri arasında sayca 3-cü Vəkil Futbol Liqası (VFL) start verilmişdi. Matc.az xəbər verir ki, 3-cü VFL turniri şanlı ordumuzun və xalqımızın Qarabağda qazandığı tarixi Zəfərə həsr edilmişdi.
 
İştirakçı komandalar həmrəy olaraq öz ənənəvi adlarının yanına Qarabağ savaşı ilə bağlı tarixi-toponomik adları əlavə etmişdirlər. Beləliklə turnirdə "Advokat – Xankəndi" VFK, "Abşeron – Şuşa" VFK, "Barrister – Cəbrayıl" VFK, "Ədalət – Ağdam" VFK, "Kəpəz - Murov" VFK, "Lawyers – Ərgünəş" VFK, "İnter – Laçın" VFK, "Sumqayıt Regional – Qubadlı" VFK və "Veteranlar – Xudafərin" VFK iştirak ediblər. ümimilikdə, VFL-ə 86 vəkil və 10 hüquqşünas olmaqla, 96 həvəskar futbolçu qatılıb.
 
9 turdan ibarət birdövrəli çempionat formatında keçirilən 3-cü VFL-in nəticələri mayın 14-də məlum olub. Beləliklə, Azərbaycan Vəkil Futbolunun ilk çempionu "Advokat-Xankəndi" komandası 3-cü VFL-in qalibi olub. "Advokat" komandası bu çempionatda əlahiddə nəticələr göstərib – 8 oyun, 8 qələbə.
 
İkinci yeri vəkil futbolunun ilk komandalarından sayılan "Barrister Cəbrayıl", üçüncü yeri isə "Ədalət Ağdam" komandaları qazanıb.
 
Turnirin bombardiri 16 qol vurmuş "Advokat-Xankəndi" komandasının oyunçusu gənc vəkil İsmayıl Babayev olub. Həmçinin, turnir iştirakçıları, məşqçilər və VFL Katibliyi üzvləri arasında keçirilmiş səsvermə nəticələrinə görə İsmayıl Babayev səslərin əksər hissəsini toplayaraq turnirin "Ən yaxşı oyunçusu" adını da qazanıb.
 
Turnir ərzində ən az qol buraxan "Advokat-Xankəndi" komandasının qolkiperi Ceyhun Bayramov qoruduğu qapılara 8 oyuna cəmi 7 qol buraxaraq turnirin ən yaxşı qapıçısı adını qazanıb.
 
VK-nın Bakı Dövlət Universiteti ilə imzaladığı Əməkdaşlıq Memorandumu çərçivəsində BDU-nun Hüquq Fakültəsinin futbol komandasının turnirdə "müsabiqədən kənar" iştirak edib və bir sıra VFL-ə qatılan komandalarla yoldaşlıq görüşləri keçirib. Bu oyunlar turnir cədvəlinə təsir göstərməsə də, gənc hüquqşünasların vəkil peşəsinə marağının artmasına səbəb olub. 
 
3-cü VFL Vəkillər Kollegiyasının AFFA ilə əməkdaşlığı çərçivəsində təşkil edilib, turnirin idarə edilməsi AFFA tərəfindən təyinat verilən hakimlərə həvalə olub. Həmçinin, turnirə qatılan bütün oyunçular həvəskar futbolçu kimi AFFA-da qeydiyyatdan keçib.
 
VFL-in keçirildiyi "Sportster Arenada" Anar Bağırov başda olmaqla, VK-nın rəhbərliyi, AFFA nümayəndələri və turnir iştirakçılarının qatıldığı bağlanış və təltifetmə mərasimi baş tutub.
 
Son olaraq qeyd olunmalıdır ki, turnir ölkədə davam edən karantin rejiminin tələbləri və Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq tamaşaçıların iştirakı olmadan və bütün tibbi şərtlərə riayət edilməklə keçirilib.

Mətnə əlavə olunmuş faylı yüklə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest