"Lids" "Sassuolo"nun mərkəz müdafiəçisi Tarik Muharemoviçi heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bosniya və Herseqovina millisinin də üzvü olan 23 yaşlı futbolçu ilə 5 illik – 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Transferin maliyyə detalları rəsmi olaraq açıqlanmasa da, sövdələşmənin dəyəri 40 milyon avro təşkil etdiyi bildirilir. Bu məbləğin yarısı oyunçunun sabiq klubu "Yuventus"a ödəniləcək.
Tarik Muharemoviç ötən mövsüm "Sassuolo"nun heyətində bütün turnirlərdə ümumilikdə 33 matçda meydana çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
O, yığmanın heyətində DÇ-2026-da 3 oyun daxil olmaqla, ümumi karyerası ərzində 17 qarşılaşmada 1 qolun müəllifi olub.













