İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 36 yaşlı futbolçu buna qrup mərhələsinin 3-cü turu çərçivəsində doğma meydanda qarşılaşdıqları “Atalanta” (İtaliya) ilə oyunda nail olub.
 
Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə bu turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb. Bir gün əvvəl PSJ-nin (Fransa) argentinalı hücumçusu Lionel Messi “Leyptsiq”lə (Almaniya) ilə oyunda dubla imza atmaqla Ronaldoya çatsa da, Kristiano yenidən onu geridə qoymağı bacarıb.
 
“Qırmızı şeytanlar”ın bu matçda vurduğu ilk qol da yubileylə əlamətdar olub. Markus Reşford 53-cü dəqiqədə fərqi minimuma endirməklə yanaşı, Ole-Qunnar Sulşerin rəhbərliyi altında “Mançester Yunayted”in 300-cü qolunun müəllifi olub. Qalan dəqiqələrdə isə daha iki dəfə fərqlənən “mankunianlar” matçdan 3 xalla ayrılıb – 3:2.
 
Yeri gəlmişkən, “Mançester Yunayted” Çempionlar Liqasında qalib gəldiyi son 3 oyunda 2 və daha çox qol vurmağa nail olub. İndiyə qədər yalnız “Arsenal” bunu bacarmışdı.
 
Bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılan “Atalanta” ÇL matçının ilk yarım saatında “Old Trafford”da 2 qol vuran ikinci səfər komandasıdır. İlk dəfə 2012-ci ilin oktyabrında “Braqa” bunu bacarmışdı. Maraqlıdır ki, hər iki görüşdə “Mançester Yunayted” 3:2 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest