Rumınəsilli fransız bəstəkar Vladimir Kosmanın adını bəlkə də çoxunuz ilk dəfə eşidirsiz. Amma məşhur soundterklər yazmış bu sənətkarın bir ölməz əsərini hamınız az qala ilk notundan tanıyırsız. Söhbət dahi aktyor Pyer Rişarın baş rol ifaçısı olduğu "Oyuncaq" (fransızca le jouet) filminin artıq klassikaya çevrilmiş musiqisindən gedir. Pyer Rişarın aktyorluq istedadı ilə həmahəng olan bu musiqi də, film də əsrlər, nəsillər keçsə də unudulan deyil. Amma bu gün biz sizə başqa bir adamın "istedadları"ndan danışacağıq. İllərdi futbolumuzun aşağılarında hərlənib-fırlanıb qəfil "Neftçi"yə ürcah olmuş Kamran Quliyevdən...

Hazırın nazirinə qonan xarizmasız başqanın təyinatından 3 ay keçməmiş boynuna bürünc medal asıldı. Azarkeş alqışları, rəhbərlik tərifləri müəllimin başını yüngülvari gicəlləndirdi. Yayda etdiyi bərbad transferlərdən başqa komandanın ən yaxşı legioneri İqnasio Herreranı da yola salan çiçəyi burnunda prezident bütün səhvlərə baxmayaraq, "Qarabağ"ın uğursuz çıxışı və texniki məğlubiyyəti sayəsində qış fasiləsinə çempionatın lideri kimi yollandı.

Amma artıq ətrafında nə azarkeşlər, nə də ona dəstək verib bu vəzifəyə gətirən adamlar vardı. Təklənmişdi. "Neftçi"dəki günlərinin sona yaxınlaşdığını bilirdi. Saman çöpündən yapışmaqla özünü xilas yolları axtarmağa başladı. Kluba qazlı gəlişi zamanı bəyənmədiyi vitse-prezident Elnur Eyvazovun ətəyindən yapışdı. Artıq hər addımını onunla məsləhətləşir, götür-qoy edirdi. Özü də bilmədən kölgəyə çevrilmişdi: SOCAR-ın klubdakı ən çox güvəndiyi adamın, gənc olmasına baxmayaraq, həm yaşca, həm də vəzifəcə özündən böyük olan başqanı əmrə tabe edən Elnur bəyin sevimli kölgəsinə. 

"Neftçi"ni bataqlıqdan çıxartmaqda müstəsna xidmətləri olan Eyvazov şəxsi kanalları hesabına kluba yeni sponsorlar cəlb edir, başqan isə öz aləmində ağıllı olduğunu göstərib azarkeşlərə bu reklamları öz kadrı olan mətbuat katibinin tapdığını inandırmağa çalışırdı. Eyvazov klub naminə Quliyevin yayda fiaskoya uğrayan transfer siyasətinə də əl gəzdirdi. Artıq indidən demək olar ki, qış transferləri daha uğurlu alındı. Bu sözlər xüsusən Eyvazovun bəyənib rəhbərliyə şəxsən məsləhət gördüyü yunan futbolçu Vangelas Platillasa aiddi. Qalan transferlər Quliyevlikdi. Braliç, Karikari, Eyubov kimi. Bu futbolçular klub büdcəsinə nə qədər ziyan vurdu bilən bilir...

Azarkeşlər kluba olan sevgi və Elnur Eyvazova olan sayğıya görə komandalarının onlarsız xal itirdiyini görüb prinsipial derbiöncəsi tribunaya qayıtmağa qərar verdilər. Amma "Qarabağ"la oyunda məğlubiyyət bardaqları daşıracaq son damla ola bilər!

Elnur Eyvazov da, klubu təmənnasız sevən və Kamran Quliyevin bütün hərəkətlərinə baxmayaraq, böyükluk göstərib bu müdrik qərarı verən "Forza Neftçi" Azad Azarkeş qrupunun gənc rəhbəri Sübhan Əliyev də "Neftçi" prezidenti olmağı daha çox haqq edir. Təsadüfi deyil ki, klubda hamı Eyvazova, azarkeşlər arasında isə Əliyevə "başqan" deyə xitab edir.

Artıq SOCAR rəhbərliyinin də səbr kasası daşıb. Quliyev özü də yaxşı bilir ki, vaxtına çox qalmayıb. O, artıq Samir Abasovla Ceyhun Sultanovun sayəsində yenicə uğurlu qrafik cızmağa başlayan "Sumqayıt"ı yarıyolda atıb qaçdığına və pis vəziyyətə saldığına görə peşmançılıq keçirir. Başını aşağı salıb işini görürdü: gül kimi xımır-xımır yeyirdi. Hələliksə, cənab Quliyev dincəlir və həzz alır...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest