Bu soyad dünya futbolunda əbədi möhürdü. Amma "katenaçço"nun banisi Elenio Erreradan fərqli, Azərbaycan futbolunda daha çox tanınan və sevilən başqa bir Errera var. İqnasio və ya sadəcə, dostlarının əzizləmə formasında "Naço" dediyi bu oğlan bəlkə də heç doğma çilidə də ölkəmizdəki qədər sevilmir. "Neftçi" azarkeşləri hələ də onu unuda bilmir və fürsət düşdükcə onu əldən buraxan klub rəhbərliyini bu səriştəsizliyinə görə tənqid edir. Futbolçunun özünün də ürəyi Bakıdadı. "Neftçi"dən transfer olunduğu Cənubi Koreyanın "Seul E Land" klubundan ayrılan istedadlı vinger təklif alacağı təqdirdə, məmnuniyyətlə "Neftçi"yə qayıdacağını deyir. Hazırda bunun üçün münbit şərait də yaranıb. Onun yerinə transfer olunan Dario Frederiko Cənubi Koreyaya yollanıb. Naço isə əksinə, klubundan ayrılıb əks marşrutla hərəkət etməyə hazırdı. çilidə olan və fərdi məşqlərlə formasını qoruyan futbolçu ilə həm bu, həm də qarşıdan gələn "Qarabağ" - "Neftçi" derbisi haqda söhbətləşdik.

- "Neftçi" azarkeşləri hələ də klub rəhbərliyindən səni buraxdıqlarına görə incikdi. Mövsümdə komandanın ən yaxşı futbolçusu olmuş İqnasio Erreraya qalmaq təklif olunmadı?

- Əvvəla bütün "Neftçi" fanatlarına mənim atəşli salamlarımı çatdırın. Və deyin ki, mən hansısa özəl səbəbə görə klubu tərk etmədim. Mənə əvvəlcə qalmağı təklif etdilər. Lakin sonra heç vaxt bu söhbət konkret müstəviyə keçmədi. Yəni, mənə konkret qalmaq təklif olunmadı... Qayıtsam da, qayıtmasam da "Neftçi" tərəfdarları hər zaman mənim ürəyimdə qalacaq.

- Belə başa düşdük ki, "Neftçi" rəhbərliyi ümidlərinizi doğrultmadı...

- Yox-yox, hər şey qaydasındadı. Mən yaxşı başa düşürəm ki, yeni rəhbərlik idi. Dəyişiklər istəyirdilər.

- "Neftçi" azarkeşlərini indi bu sual çox maraqlandırır. Onlar yaxın gələcəkdə sizi Azərbaycanda görə biləcəklər?

- Mən Azərbaycanı çox sevirəm. Düşünürəm ki, "Neftçi"dəki çıxışım uğurlu alınıb. Bir neçə ay əvvəl mən yenilik istədim və Koreyaya yollandım. Amma indi yenidən "Neftçi"yə qayıtmağa çox şad olaram.

- Təklif olacağı təqdirdə, yenidən Azərbaycanda oynamağınız mümkündü?

- çox inadkarlıq edirsiz. Sözün düzü, mən Azərbaycana qayıtmağa hazırlaşıram. Hazırda sərbəstəm və təklifləri götür qoy edirəm. Menecerim Bakıdadı. Əminəm, o həm "Neftçi" həm də başqa klublarla ünsiyyətdədi.

- "Neftçi"də baş verən son dəyişikliklərdən xəbəriniz var?

- Bəli, Dario Frederiko Koreyaya yollanıb...

- Deməli, Azərbaycan futbolunu izləyirsiz...

- Əlbəttə, hər zaman!  Qış fasiləsindən sonra ilk oyun sabahdı! (söhbət dünən olub)

- O zaman yəqin ki, qarşıdan gələn "Qarabağ" - "Neftçi" derbisindən də məlumatınız var...

- Əlbəttə var. Mən "Neftçi"ni həmişə yaxından izləyirəm.

- Hansı komanda şanslıdı?

- Mən "Neftçi"nin qələbəsini istərdim. Amma 90 dəqiqə ərzində kim yaxşı oynasa, qələbəni həmin komanda qazanacaq.

Sonda Naçoya gələcək karyerasında və şəxsi həyatında uğurlar arzuladıq. O, isə bizə azərbaycanca "Sağ ol, mənim qardaşım, çox sağ olun" sözləri ilə təşəkkür etdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest