UEFA çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" - "Mançester Siti" oyununda dava düşüb. Matc.az xəbər verir ki, "Vanda Metropolitano" stadionundakı oyunun sonlarında meydan sahiblərinin müdafiəçisi Felipe yan xəttə yaxın hissədə qonaqların yarımmüdafiəçisi Fil Fodenə qarşı kobudluq edib. Yerə yıxılan ingiltərəli oyunçu özünü meydançanın içərisinə atmağa çalışarkən Madrid klubunun digər futbolçusu Stefan Saviç Fodeni kənara doğru itələyib. Bundan sonra iki komandanın oyunçuları arasında insident baş verib.

Daha sonra Saviç "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin saçını dartıb. Hadisələrin gedişatını kənardan izləyən oyunun almaniyalı baş hakimi Daniel Zibert Felipeni meydandan qovub. Saviç və Foden isə sarı vərəqə ilə cəzalandırılıblar.

İnsidentə görə oyunda məcburi fasilə yaranıb. Bu səbəbdən görüşün əsas vaxtına 9 dəqiqə əlavə olunub.

"Mançester Siti"nin müdafiəçisi Emerik Laport oyundan sonra "Atletiko"nun futbolçuları ilə insident barədə danışıb: "Qalmaqalla bitən oyunu görmək adamı həmişə məyus edir. Axı siz çox kiçik bir şeyə görə çox səs-küy salırsınız. Bu oyun bizdən daha çox rəqibə ziyan vurdu".

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Mançesterdəki ilk matçda rəqibini 1:0 hesabı ilə məğlub edən "şəhərlilər" yarımfinala adlayaraq, İspaniyanın digər təmsilçisi "Real Madrid"ə rəqib olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest