Futbol mütəxəssisi, tanınmış menecer Səbuhi Səfiyarlı “Qarabağ” – “Sabah” oyununda (4:3) baş verənlərə münasibət bildirib. Matc.az xəbər verir ki, o, matçın baş hakimi İnqilab Məmmədovu kəskin tənqid edib:
 
“Sabah” əla oynadı, Murad Musayevdən bərk yapışıb bu istiqamətdə davam etmək lazımdı. “Qarabağ” da çempion olana qədər vaxtını gözləmişdi, amma Avropada sözünü deyirdi. “Qəbələ” də çempion ola bilmədi, lakin Avropadakı çıxışıyla unudulmayacaq təəssürat yaratdı. Ruhdan düşməyə dəyməz, “Sabah”da iş var.
 
“Qara” ləqəbi ilə tanınan İnqilab Məmmədova gəlincə, dünən adını doğrultdu və çempionatın, hakimliyin üz “Qara”sı oldu. İnqilabın briqadası uşaq deyil, indiyəcən çox “başlar kəsiblər”. Və bütün təcrübəli hakimlər kimi, yaxşı bilirlər ki, son dəqiqələrdə “başının ağrımağı”nı istəmirsənsə, BELƏ VƏZIYƏTLƏRDƏ FOLU, KÜNC ZƏRBƏSINI UZAQ QAPIYA TƏRƏF VERMƏLISƏN Kİ, MÜMKÜN SƏHVIN QOLLA NƏTICƏLƏNMƏK EHTIMALI OLMASIN. Amma olmayan yerdə autu əks tərəfə vermək…
Peşəkarlıqdan danışırıqsa, burda nə “Qarabağ”lıq, nə də VAR-lıq bir şey yoxdur. Top autdan oyuna daxil edildikdən sonra artıq o epizod bitmiş sayılır və penaltidən əvvəl topun kimdən çıxmasına qayıdıb baxa bilməzlər. (Məsələn, top xətdən çıxıb, amma hakim görməyibsə, davamında gedib qol vəya penalti olubsa, onda baxıla bilər.) O başqa məsələ ki, “Qarabağ”ın oyunçuları “söhbəti tutub” özləri “fair play” qərarı verə bilərdilər, amma kiçik araşdırmadan belə başa düşdüm ki, heç onlar da topun kimdən çıxdığını görməyiblər və əslində heç buna borclu da deyillər.
 
Hakimlərin autu “Qarabağ”a vermək qərarına gəlincə, bu məsələ bildiyiniz ƏN, ƏN, ƏN yüksək səviyədə araşdırılmalıdır. Bu işlərdə təsadüf olmur! “Qırmızı” vermisən, bir penalti vermisən, “Qarabağ” “Sabah”a qarşı oynayır, artıq tribunadan da hadisələrin nəzarətdən çıxmasının an məsələsi olduğu görünür. Bunu hiss edən AFFA nümayəndəsi 4-cü hakimin yanına düşüb, siz – illərin hakimləri meydanda bunu hiss etmirsiz? Buna məni heç kim inandıra bilməz! Top “Qarabağ”dan çıxsa belə, o saniyələr üçün yazılmamış qızıl qanunun əksinə, əks-tərəfi göstərmək təsadüf ola bilməz…”
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest