ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi başa çatıb. Matc.az saytı xəbər verir ki, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

Son olaraq körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov çıxıb. O, +102 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 131 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub.

Təkanla qaldırma hərəkətində isə Rəhman tarixi uğurla yadda qalıb. Hər üç yanaşmasını uğurla yerinə yetirən idmançımız 174 kq-ı başı üzərinə qaldırmağı bacarıb. Bu nəticə ilə o, bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. Azərbaycan yeniyetmə ağır atletikası tarixində bu günə qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmamışdı. Bu baxımdan Kazımovun medalı bir ilkdi.

Toplam 305 kq (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada 4-cü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest