Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiyanın qonağı olacaq. Millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçin bacısı Marina Yurçeviç qarşılaşma öncəsi matc.az saytının suallarını cavablandırıb.

Xanım Yurçeviç qardaşının yığmamızı seçməsindən, burdakı hədəflərindən və Xorvatiya ilə oyundan danışıb.

- Qardaşınızın Azərbaycan millisinə təyinatını necə qarşıladınız?

- Bu xəbəri eşidəndə çox sevindik. Nikola ambisiyalı adamdı. Azərbaycan yığmasına da yaxşı işlər görmək üçün gedib. Onun bunu bacaracağına inanırıq.

- AFFA-dən təklif alanda yəqin ki, ailəsi ilə məsləhətləşib. Bir bacı kimi sizin düşüncələriniz nə olub?

- Qardaşım ailəsinə düşkün insandı. Bizə görə həmişə narahatlıq keçirir. Azərbaycandan təklif gələrkən də bütün bunları nəzərdən keçirdi. Azərbaycan yığmasına baş məşqçi təyin olunanda onu qürurlu və xoşbəxt gördüm. Bu, mənim üçün hər şeydən önəmlidi.

- Nikola Yurçeviç təklif almazdan əvvəl Azərbaycan haqda məlumatınız var idimi?

- Əlbəttə ki, var idi. Azərbaycan gənc ölkədi, həmçinin futbolu. Xorvatiya yığması 2015-ci ildə sizin millinizlə qarşılaşmışdı. Həmin vaxt komandanıza rəhbərlik edən Robert Prosineçki bizim dostumuzdu. O da ölkəniz barədə bizə müsbət şeylər deyirdi.

- Müqavilə imzaladıqdan sonra qardaşınızın ilk təəssüratları necə idi?

- Müqavilədən sonra bir neçə günlük Xorvatiyaya qayıtmışdı. Çox gözəl xatirələr bölüşürdü. Hərtərəfli razılıq edirdi. AFFA rəhbərliyinin münasibətindən də məmnun qalmışdı. Deyirdi ki, Bakı çox gözəl şəhərdi, orda əla şərait və istiqanlı insanlar var. Oranın mətbəxi barədə də soruşdum, dedi ki, Azərbaycanın yeməkləri superdi. Nikola ölkənizdə hər şeydən razı qalmışdı.

- Bəs siz Bakıda olmusunuz?

- Xeyr. Ancaq ümid edirəm ki, şəhərinizi görməyə gələcəm.

- Qardaşınızın həm insan, həm də məşqçi kimi ən böyük üstünlüyünü nədə görürsünüz?

- Hər şeydən əvvəl çox məsuliyyətli və peşəkardı. İstər şəxsi həyatında, istərsə də məşqçi kimi bu cür davranır və ciddiliyini qoruyur. Böyük təcrübəsi var. Bu da çox önəmli amildi. Həm ailəsi, həm də dostları üçün gözəl insandı.

- Bəs mənfi cəhətləri nələrdi?

- (gülür) Onun müsbət cəhətləri ilə Azərbaycan futboluna töhfə verəcəyinə inanıram.

- İki gündən sonra Azərbaycanla Xorvatiya Zaqrebdə üz-üzə gələcək. Oyunu tribunadan izləyəcəksiniz?

- Əlbəttə.

- Bəs hansı komandaya azarkeşlik edəcəksiniz? Nəzərə alaq ki, bu, qardaşınızın debüt oyunu olacaq...

- Xorvatiya matçın favoritidi. Çünki bu komanda son dünya çempionatında ikinci yeri tutub. Ancaq Azərbaycanın da uğurunu arzulayıram. Məncə, Azərbaycan üçün ən gözəl hesab 0:0 olar.

- Qardaşınızın qarşısına qoyulan hədəf Avropa çempionatının final mərhələsinə vəsiqədi. Sizcə, o, bunu bacara biləcək?

- Bu qrupda iki komandaya azarkeşlik edirəm. Həm Xorvatiya, həm də Azərbaycanın uğur qazanmasını istəyirəm. Ümid edirəm ki, qrupda Xorvatiya 1-ci, Azərbaycan 2-ci yeri tutar. Məncə, ikincilik də yığmanız üçün böyük uğur olar. Bu möcüzəni xəyal etməyə dəyər.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest