Bir neçə gün öncə "Qarabağ"dan ayrılan Ansi Aqollinin "Nyu-York Kosmos"a keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Albaniyalı futbolçu ilə müqavilə imzalandığı bildirilsə də, müddəti açıqlanmayıb.

Nyu-York təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşən 36 yaşlı müdafiəçi bunları söyləyib: "Burada özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada amerikan futbolu deyəndə ağla ilk olaraq "Kosmos" gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həmin ənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm".

Aqollinin transferi ilə bağlı danışan klubun vitse-prezidenti Co Barone onun təcrübəsinin komandaya xeyir verə biləcəyini bildirib: "İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq. Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki, Aqolli təkcə bacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı nümunə olacaq".

"Kosmos" klubunun baş məşqçisi Karlos Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar yanaşdığını söyləyib: "Burada keçirdiyi bir neçə məşqdən sonra onun səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər gün məşqlərdə çox çalışır".

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest