Rusiya 2020 Yay Olimpiya Oyunlarının futbol yarışında təmsil olunmayacaq. Matç.az saytı xəbər verir ki, şimal qonşularımız bunu özləri üçün fiasko hesab edirlər.

 

Yerli KİV gənclər yığmasının Olimpiadaya qatılmamasını müxtəlif səbəblərlə izah etməyə çalışıb. Ən önəmli səbəb kimi isə U-21-in sabiq baş məşqçisi Dmitri Xomuxanın üzə çıxardığı istedadların əldən çıxması göstərilib. Bu mənada Azərbaycan millisini seçən hücumçu Ramil Şeydayevin də adı vurğulanıb. Şeydayevi əldən qaçırdıqlarını düşünən həmkarlarımız U-21-in hazırkı çalışdırıcısı Yevgeni Buşmanovu bacarıqlı oyunçulara güvənməməkdə günahlandırıb.

 

Bəzi futbolçuların itib-batması, bəzilərinin əsas yığmada oynamaları, bəzilərinin isə yüksək səviyyədə çıxış etmələri də U-23 millisinin toplanmasına mane olub. Sonuncu kateqoriyada "Rostov"da çıxış edən və Azərbaycan yığmasına dəvəti gözlənilən yarımmüdafiəçi Ayaz Quliyev də göstərilib.

 

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında komandalar 23 yaşadək oyunçularla çıxış edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest