Artıq 1 ildir ki, Bakının Nizami rayonu ərazisində yerləşən Bona Dea Beynəlxalq Hospitalı fəaliyyət göstərir. Hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir. Bona Dea hospitalının binası stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərir. Hospital 206 çarpayılıqdır. Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdi. Hospitalda çalışan tibb mütəxəssisləri arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.

Pediatriya və neonatologiya şöbəsində azyaşlıların müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ümumi pediatriya, genetik konsultasiya, pediatrik nevrologiya, kardiologiya və cərrahiyyə xidmətləri göstərir. Şöbədə, eyni zamanda, qabaqcıl laparoskopik prosedurlar da icra olunur.

Hospitalın şüa diaqnostika-radiologiya şöbəsi də ən müasir tibbi avadanlıqla təchiz olunub. Rentgen, MRT, kompüter tomoqrafiya və ultrasəs müayinəsi avadanlığının quraşdırıldığı şöbə çoxmetodlu diaqnostik və müdaxiləvi vizualizasiya xidmətlərini təklif edir. Burada xəstələrə rəqəmsal radioqrafiya, rəqəmsal flüoroskopiya və digər xidmətlər də göstərilir.

Qeyd edək ki, müəssisənin kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr və qan bankı xidmətləri ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, həmçinin qısa müddətdə icra etməyə imkan yaradır. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Kliniki kimyəvi laboratoriyada tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur.

Son illərdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət və nəzarətindədir. Vətəndaşların məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı çox mühüm işlər görülür.

Bu gün Azərbaycanda səhiyyənin inkişafına, bu sahədə əsaslı islahatların aparılmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun dəstəyi ilə ölkəmizdə çoxlu sayda tibb ocaqları inşa olunub, mövcudları isə müasir səviyyədə yenidən qurulub. Bu layihələrin icrası zamanı səhiyyə müəssisələri dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz olunur.

Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.

Hospitalın ən müasir tələblərə cavab verən konfrans zalında müxtəlif toplantılar, iclas, görüş, müşavirə və digər tədbirlər təşkil etmək, həmçinin peşəkar həkimlərin gənc mütəxəssislərə təlimlər keçmələri üçün də hər cür şərait mövcuddur. ümumi tutumu 145 yerlik olan bu zalda cərrahi əməliyyatları birbaşa izləmək mümkündür.

Tibb müəssisəsinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də xəstələri səhiyyənin yüksək standartları ilə təmin etməklə yanaşı, müalicənin bütün mərhələləri üzrə innovasiyaların tətbiqidir. Bu məqsədlə burada quraşdırılan və İKT-nin yeniliklərinə əsaslanan qurğular xəstələrin müalicəsinin yüksək səviyyədə təmin olunmasına imkan verir.

Hospitalın əməliyyat bloku da texniki təminatına görə mövcud olan bütün dünya standartlarına tam cavab verir. Tibb müəssisəsində 10 əməliyyatxana, 2 angioqrafiya otağı yaradılıb.

Beynəlxalq hospitalın ürək-damar cərrahiyyəsi şöbəsi ən müasir qeyri-invaziv və invaziv diaqnostik avadanlıqla təchiz edilib. Burada açıq ürək cərrahiyyəsini yerinə yetirmək mümkündür. Bundan başqa, şöbədə ürək çatışmazlığı, anadangəlmə ürək xəstəliyi cərrahiyyəsi və digər əməliyyatlar yerinə yetirilir. Əməliyyatxanada quraşdırılan avadanlıq bu sahədə dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Hospitalda ümumilikdə 70-dən artıq tibbi avadanlıq inteqrasiya olunub ki, bu da vahid mərkəzdən idarəetmənin təmin edilməsinə şərait yaradır.

Tibb müəssisəsinin ümumi reanimasiyası 28, neonatoloji reanimasiyası 10, kardioloji reanimasiyası isə 8 çarpayılıqdır. Xəstələrin rahatlığı üçün reanimasiya otaqları bir-birindən ayrı təşkil olunub. Bu şöbədə də tibbin son nailiyyətlərinə əsaslanan avadanlıq quraşdırılıb. Bir sözlə, hospitalın bütün şöbələrində quraşdırılan son model tibb avadanlığı və qurğuları xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir, onların müayinə və müalicəsini, profilaktik işləri müasir tələblər səviyyəsində qurmaq üçün geniş şərait yaradır. Xəstəxanada ən müasir səviyyədə prenatal diaqnostik avadanlıq var. Hospital Avropanın məşhur tibbi və paramedikal heyəti ilə işləyir, aparıcı tibb institutları ilə əməkdaşlıq edir. Burada fəaliyyət göstərən aptekdə bütün dərmanlar elektron-reseptdən istifadə edilərək, həkimin cavabdehliyi altında təyin olunur, qapalı və nəzarət edilən avtomatlaşdırılmış paylanma kabinetlərində paylaşdırılır.

Xəstəxanadakı tibbi avadanlıq ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətlərinin istehsalıdır.

ölkəmizdə səhiyyənin müasirləşdirilməsi istiqamətində son illər icra olunan layihələrin tərkib hissəsi kimi yeni hospitalın istifadəyə verilməsi də vətəndaşların sağlamlığının təmin edilməsi, profilaktik tədbirlərin görülməsi, müayinə və müalicənin yüksək səviyyədə təşkil olunması işinə yeni imkanlar açır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest