Azərbaycan millisinin məşqçisi Arif Əsədovun matc.az saytına müsahibəsi

- "Qarabağ" Azərbaycan futbolunda növbəti tarixi uğura imza atdı. "Braqa" ilə cavab matçının bu qədər dramatik alınacağını gözləyirdiniz?

- Başda Qurban Qurbanov və köməkçiləri olmaqla “Qarabağ” camiəsini, eləcə də Azərbaycan futbol ictimaiyyətini təbrik edirəm. Doğrudan da, möhtəşəm uğur oldu, “Qarabağ” növbəti dəfə tarix yazdı. Səfərdə 4:2 hesablı qələbə qazandığımızdan, rəqib Bakıya yaralı aslan kimi gəlmişdi. Onlar riskə gedərək, Bakıda istədikləri nəticəni əldə etmək və növbəti mərhələyə vəsiqə qazanmaq niyyətində idi. Bu mənada, oyunun dramatik keçəcəyini gözləyirdim, amma bu dərəcədə yox. Bu matçda hər şey var idi: qırmızı vərəqə, kədər, sevinc, bol qollar. Düşünürəm ki, “Qarabağ” növbəti mərhələyə keçməyi haqq etdi.

- Oyundakı hakim idarəçiliyi, referinin qərarları haqda nə deyə bilərsiniz?

- Təbii ki, hakimin səhv qərarları oldu. Elvin Cəfərquliyevə ilk sarı vərəqəni göstərdiyi epizodda o qərarı verməyə də bilərdi. Amma ikinci epizoddakı hərəkətə sarı vərəqə düşürdü. Sadəcə, gərək nəzərə alardı ki, belə oyunlarda bir hakim səhvi həlledici məqam ola bilər. Nəticəyə təsir edə biləcək səhv idi. Amma şükürlər olsun ki, “Qarabağ” bunun öhdəsindən gəldi və komanda ruhu sonda öz sözünü dedi.

- "Qarabağ" 10 nəfərlə qaldıqdan və 2 qol buraxdıqdan sonra mərhələni keçəcəyimizə inamınız qalmışdı?

- 10 nəfərlə qalıb 2 qol buraxdıqdan sonra istər-istəməz şansımız azalırdı. Amma ümid edirdim ki, oyun penaltilər seriyasına gedəcək. Düşünürdüm ki, “Qarabağ” penaltilər seriyasında üstünlük qazana bilər. Şükürlər olsun, oyunun sonunda vurulan qol məsələni bitirdi.

- Qurban Qurbanovun sonradan meydana buraxdığı həm Mateus Silva, həm də Nəriman Axundzadə oyunda qol vurdu. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu qələbənin memarı Qurban Qurbanovdu. O, bir neçə dəfə bunu sübut edib. Qurban Qurbanovu artıq milli qəhrəman kimi qeyd edə bilərik. Tarix yazmağa davam edir. Öz komandasını daha yaxşı bilir. Etdiyi əvəzetmələr nəticəyə təsir etdiyi üçün bunu alqışlamaq və qibtə etmək lazımdı. Nəriman Axundzadə “Braqa” ilə səfərdəki oyunda qol vura bilməmişdi, buna görə məyus olmuşdu. Buna baxmayaraq, Qurban Qurbanov ona Bakıdakı matçda da şans verdi. Sanki hiss edirdi ki, Nəriman Portuqaliyada vura bilmədiyi qolu Bakıda vuracaq. Bu, məşqçinin daxildən gələn hissiyatıdı.

- Püşk 1/8 finalda “Qarabağ”ın qarşısına tanış rəqib olan “Bayer”i çıxartdı. Qrupdakı hər iki görüşdə uduzduğumuz Leverkuzen təmsilçisi ilə budəfəki görüşlərdə şansımız nə qədərdi?

- Təbii ki, “Qarabağ”ın bəxtinə ən çətin rəqiblərdən biri düşdü. Amma bir üstünlüyü var ki, hər iki tərəf bir-birini yaxşı tanıyır. Məncə, azarkeşləri maraqlı duellər gözləyir. “Qarabağ” “Bayer”lə Bakıdakı qrup oyununda ümidverici futbol göstərmişdi. Həmin matçda son anda 1 xalı əldən vermişdi. O oyunu təkrarlaya bilsə, “Bayer”lə başabaş mübarizə apara bilər. “Qarabağ” rahat oynamalıdı, artıq yeni tarix yazıb. Bu mənada, üstünlük “Qarabağ”ın tərəfində olacaq, itiriləsi bir şeyi yoxdu. Mərhələ adlamaq “Bayer”ə daha çox lazımdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest