Azərbaycanın 4 futbol klubu ötən həftə avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarına çıxıblar.
Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ölkəmizi təmsil edən komandalar mərhələ adlamaq şansları cavab oyunlarıda bilənəcək.
Çempionlar Liqasındakı təmsilçimiz "Sabah" doğma meydanda Finlandiyanın "KuPS" klubunu 1:0 hesabı ilə məğlub edib. Cavab görüşündə komandamızı qələbə və ya istənilən heç-heçə növbəti mərhələyə daşıyacaq. "Sabah"ın cavab matçı iyulun 28-də, Bakı vaxtı ilə saat 19:00-da Finlandiyada baş tutacaq.
Avropa Liqasında mübarizə aparan "Qarabağ" isə ilk oyunda Bakıda Bolqarıstanın ÇSKA klubunu qəbul edib və matç 0:0 hesabı ilə başa çatıb. İyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək cavab qarşılaşması öncəsi Ağdam təmsilçisini növbəti mərhələyə yüksəlmək üçün mütləq əsas vaxtda qeydə alınacaq istənilən hesablı qələbə qane edir. Səfər qolu qaydası ləğv edildiyi üçün əsas vaxtda qeydə alınacaq hər hansı heç-heçə oyunu əlavə vaxta və penaltilər seriyasına aparacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçda məğlubiyyət isə komandamızı turnirdən kənarlaşdıracaq.
Konfrans Liqasındakı digər klublarımızdan "Neftçi" doğma meydanında Belarusun "Dinamo" (Minsk) komandasına 2:4 hesabı ilə uduzub. "Ağ-qaralar"ın mərhələ adlaması üçün cavab matçında mütləq 3 və ya daha çox top fərqi ilə (məsələn, 3:0, 4:1) qələbə qazanması lazımdır. 2 top fərqli qələbə oyunu əlavə vaxta aparacaq. Cavab oyunu iyulun 30-da saat 21:00-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" arenasında keçiriləcək.
Digər təmsilçimiz "Zirə" isə ilk görüşdə səfərdə Estoniyanın "Payde" klubuna 1:0 hesabı ilə uduzub. "Qartallar"ın növbəti mərhələyə vəsiqə qazanması üçün iyulun 30-da Sumqayıtda keçiriləcək cavab oyununda mütləq 2 və ya daha çox top fərqi ilə qələbə qazanması lazımdır. İstənilən minimal hesablı qələbə qarşılaşmanı əlavə vaxta daşıyacaq. Səfərdə qeydə alınan məğlubiyyətdən sonra istənilən heç-heçə və ya yenidən uduzmaq komandamızın turnirlə vidalaşmasına səbəb olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq bu vacib qarşılaşmanı xorvatiyalı baş hakim Dario Bel idarə edəcək.













