PSJ-nin baş məşqçisi Luis Enrike qış transfer pəncərəsində komandanın müdafiə xəttini gücləndirmək niyyətindədir.

Matc.az xəbər verir ki, onun əsas hədəfi “Barselona”nın futbolçusu Erik Qarsiyadır. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Enrike 24 yaşlı müdafiəçinin istedadının böyük pərəstişkarıdır və onunla İspaniya millisində uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Məşqçi Qarsiyanın soyuqqanlılığını, top ilə işləmə bacarığını və taktiki çevikliyini yüksək qiymətləndirir. İspaniyalı mütəxəssis hesab edir ki, bu keyfiyyətlər topa nəzarətə əsaslanan PSJ oyun üslubuna mükəmməl şəkildə uyğun gəlir.

Qarsiyanın həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi oynaya bilməsi onu PSJ üçün prioritet namizədə çevirib. Hans Flikin rəhbərliyi altında Erik Qarsiya gözlənilmədən “Barselona”nın əsas oyunçularından birinə çevrilib.

Müdafiəçi bu mövsüm artıq 15 oyunda 1100 dəqiqədən çox meydanda olub. Qarsiyanın “Barselona” ilə müqaviləsi gələn yay başa çatdığından, PSJ iki variantı nəzərdən keçirir. Bunlardan biri yanvarda endirimli transfer üçün razılıq əldə etmək, digəri isə futbolçu ilə yayda pulsuz keçid üçün ilkin müqavilə imzalamaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest