Hazırda Səudiyyə Ərəbistanında oynayan fransız hücumçu Kərim Benzema "Real"a mümkün qayıdışı barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Futbolçu etiraf edib ki, Madrid klubunun prezidenti Florentino Peres ondan qayıtmasını istəsə, imtina edə bilməyəcək.
"Əgər Florentino Peres məni şəxsən kluba dəvət etsə, bu baş verə bilər. Mən heç vaxt Peresə "yox" cavabı verməmişəm. Ürəyimdə hələ də özümü madridli kimi hiss edirəm. Madrid mənim şəhərimdir. Görək gələcəkdə nə olacaq", - Benzema deyib.
Bu mövsüm Benzema "Əl-İttihad"da 4 oyun keçirib və 3 qol vurub.
"Real"da isə Benzema 647 matçda 353 qol vurub və 165 məhsuldar ötürmə edib. Fransız futbolçu Madrid klubu ilə beş Çempionlar Liqası, beş klublararası dünya çempionatı, dörd La Liqa, dörd UEFA Superkuboku, üç İspaniya Kuboku və üç İspaniya Superkuboku qazanıb. 2022-ci ilin sonunda o, "Qızıl top" mükafatına layiq görülüb.






_1763488881.jpg)




