İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında Liqa mərhələsinin XIII turunda "Qarabağ"a qarşı sabah keçiriləcək oyunla bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun davranışını təkrar edə bilməyəcəyini söyləyib.

"Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirməyi planlaşdırırıq. "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim.

Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta, "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub".

Qeyd edək ki, "Liverpul" – "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest