23 Noyabr 2026, 20:05
FUTBOL
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının növbəti turunda “Aston Villa”ya qarşı keçiriləcək oyun öncəsi komandanın zədəli futbolçularının son durumu barədə məlumat verib. Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis hücumçu Viktor Osimhenin qarşıdakı matçda meydana çıxmayacağını bildirib.
Okan Buruk zədəli futbolçularla bağlı açıqlamasında deyib: “Viktor Osimhen sabahkı oyunda iştirak etməyəcək. İsmail Yakobsun vəziyyətini yenidən yoxlayacağıq. Onun ehtiyat oyunçular skamyasında olması bizim üçün vacibdir. Növbəti matçda Osimhen və Roland Sallainin durumundan asılı olaraq onlara şans verə bilərik. Hazırda heyətə düşmək ehtimalı olan yeganə futbolçu Yakobsdur. Əgər məşqdə iştirak edə bilsə, heyətə daxil edilə bilər”.
Beləliklə, “Qalatasaray” “Aston Villa” ilə qarşılaşmada əsas hücumçusu Viktor Osimhenin xidmətindən yararlana bilməyəcək. İsmail Yakobsun oyunda iştirakı isə son tibbi müayinədən və məşqdəki vəziyyətindən asılı olacaq.













