"Qarabağ"ın sabiq müdafiəçisi və kapitanı Maksim Medvedev "The Guardian" nəşrinə açıqlama verib.

Matc.az xəbər verir ki, veteran futbolçu komandanın baş məşqçisi Qurban Qurbanov haqda danışıb. Medvedev 53 yaşlı mütəxəssisin komandaya təsiri, oyun fəlsəfəsi barədə məlumat verib:

“Qurban Qurbanov gənc məşqçi idi. O dövrdə yerli mütəxəssislərə ciddi yanaşılmırdı. O, hər şeyə sıfırdan başladı. Çoxları onun bu vəzifədə uzun müddət qalacağını düşünmürdü. Ancaq biz tezliklə başa düşdük ki, o, möhtəşəm məşqçidir. Qurban Qurbanovun ilk mövsümündə kuboku qazandıq, daha sonra Avropa Liqasının təsnifat mərhələsində "Rusenborq"u məğlub etdik. Elə macəra da məhz bundan sonra başladı. Qurbanov rəhbərlikdən tam etimad qazandı və kənar müdaxilələr olmadan işləyə bildi. Komandanı mərhələli şəkildə qurdu.

Biz heç vaxt superulduzlar transfer etmədik. Qurbanov üçün bütün futbolçular bərabərdir. O, yeni gələnlərə tələblərini izah edir və yalnız onları qəbul edənlər komandada qala bilir. Birlikdə çalışdığımız dövrdə heç kimlə ciddi konflikti olmayıb. O, sərt və intizama önəm verən məşqçidir, amma çox ədalətlidir. Həmişə futbolçularını müdafiə edir, onlara həm peşəkar, həm də şəxsi məsləhətlər verir. Hamı onu sevir və hörmət edir”.

Qurbanovun dövründə oyunu idarə etməyə və mümkün qədər çox qol imkanı yaratmağa çalışırdıq. Səhv etməkdən qorxmurduq. Ən güclü rəqiblərə qarşı da oyun üslubumuzu dəyişmirdik. Bu, xüsusilə 2020-ci ildə Varşavada "Legiya"nı 3:0 hesabı ilə məğlub etdikdən sonra daha aydın hiss olundu. O vaxtdan bəri istənilən rəqibi məğlub edə biləcəyimizi anladıq və daha da hücumameyilli oynadıq.

O, bizim azərbaycanlı Aleks Ferqyusonumuzdur. Nə qədər istəsə, "Qarabağ"da qalacaq, sonra isə karyerasını bitirəcək”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest