“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibə verib.

Matc.az xəbər verir ki, 29 yaşlı qolkiper Çempionlar Liqasından, aldığı təkliflərdən və Bakıdakı həyatından danışıb:

-Düzdür ki, Çempionlar Liqasında debütündən əvvəl bütün gün evdə bu turnirin marşına qulaq asmısan?
-Debüt etməmişdən bir neçə gün öncədən hə, demək olar, hər gün dinləyirdim. Bu yolla Çempionlar Liqasının (ÇL) marşına öyrəşməyə çalışırdım ki, stadionda eşidəndə şoka düşməyim. ÇL-in himnində qeyri-adi nəsə var, bu mahnını hələ uşaqlığımdan xatırlayıram. Hər dəfə mənə böyük təsir edir.

-Karyeranın yüksəliş tempi ilə ayaqlaşa bilirsən? 
-Düşünürəm ki, öyrəşmişəm, Başa düşürəm ki, Çempionlar Liqasında çıxış edirəmsə, hər şey tez baş verir. Hərçənd, hələ çox arzular reallaşmayıb: Polşa millisində debüt etmək, İngiltərə Premyer-Liqasında oynamaq və Avropanın hansısa top-klubunda forma geyinmək. Amma istənilən halda bu temp məni qane edir və qoy bu cür də irəliləyiş davam etsin!

-Sən Polşadan, “Stal”dan getdikdən bir müddət sonra Avropa Liqasında “Ayaks”a, “Tottenhem”ə qarşı oynadın. Bu mövsüm daha yüksək səviyyədə Çempionlar Liqasında “Napoli”, “Benfika”, “Çelsi”yə qarşı çıxış etdin. “Enfild Roud”da meydana çıxdın. Hələ bu son deyil, pley-off-da “Nyukasl”a qarşı matçlar gözləyir sizi. Psixoloji olaraq, necə gəlirsən öhdəsindən? 
-Mən ayrı-ayrı oyunlara çox da fikir vermirəm. Bilirəm ki, nəyə qadirəm, komandaya necə kömək edə bilərəm. Əsas odur ki, qeyri-adi nəsə etmək lazm deyil, bacarmadığın bir şeyi zornan göstərməyə ehtiyac yoxdur. Meydanda üzərimə nə düşürsə, onu edirəm. Bu, təzyiqi və stressi aşağı salmağa kömək edir.

-Həqiqətən sənin üçün önəmli deyil, kimə qarşı çıxış edirsən? 
-Yox, vacib deyil. Bəlkə də bunu etiraf etmək düzgün deyil, amma artıq digər matçları elə də izləmirəm. Öz oynadıqlarımdan başqa. Bu yaxınlarda “Çelsi” ilə qarşılaşdıq, onların heyətində olan futbolçuların 2/3-nin adını deyə bilmərəm. Amma 2010-cu ildə birnəfəsə “Çelsi”nin 15 oyunçusunun adını sadalayardım. Əgər heyətində Messi, Ronaldinyo olan “Barselona”ya qarşı oynasaydım, bu, məndə böyük iz buraxardı. Belə isə hər görüşə eyni əhvalda çıxmağa çalışıram.

-“Napoli” ilə oyundan sonra Azərbaycan mətbuatı səndən yaxşı mənada yazmışdı ki, “O, adam deyil!”
-Özün haqqında belə şeyləri oxumaq xoşdur. Şübhəsiz ki, bu, Çempionlar Liqasında ən sevdiyim oyundur. İstərdim ki, qalib gələk və heç kim məndən danışmasın. Etiraf edim ki, 0:2 uduzmağımıza baxmayaraq, yaxşı oynadım. Bir neçə uğurlu seyvim oldu, həm də penaltini dəf etdim. Buraxılan qollarda isə edə biləcəyim bir şey yox idi.

-Niyə Ekstraklassanın 2023-2024 mövsümünün ən yaxşı qapıçısı Azərbaycana getdi? Daha yaxşı variant yox idi? 
-Bakıya dəvətlə bağlı ilk təklifi hələ 2024-cü ilin mayında aldım, amma avqustda getdim. Bu onu göstərir ki, tərəddüd edirdim və uzun müddət qərar verə bilmirdim. Həmin vaxt güman edirdim ki, Belçika, Niderland kimi ölkələrdən təklif gələr, amma fakt odur ki, “Qarabağ”dan başqa real bir variant olmadı. Sonda qərara gəldim ki, bu, maraqlı çağırış olacaq. İndi deyə bilərəm ki, idman baxımından bu, çox uğurlu qərar idi.

-“Qarabağ”ın sirri nədədir? 
-Baş məşqçi Qurban Qurbanovun nəticələrə böyük təsiri var. O, lap çoxdan klubda işləyir, artıq 17 ildir! Çox tələbkardır və istəyir ki, komanda hücum futbolu oynasın, yüksək presinq tətbiq etsin. Çox vaxt məşqlərdə geriyə, qapıçıya ötürmə verməyi qadağan edir. Rəqibin kimliyindən asılı olmayaraq, biz hər zaman hücum etməliyik. Klubun əla skaut bölməsi də var. Onlar qeyri-adi yerlərdən, məsələn, Portuqaliya və ya Braziliyanın ikinci liqalarından istedadlı futbolçuları tapa bilirlər. Bura gələn hər kəs çalışır ki, özünü göstərib, daha güclü çempionata getsin. Ona görə də hamı var güclə oynayır, tam motivasiyalı şəkildə.

-Azərbaycanın “Barselona”sı?
-Azərbaycanda həqiqətən də belə bir ifadədən istifadə edirlər. Həm də baş məşqçi Qurbanov bu klubun böyük pərəstişkarıdır. Biz hücum futbolu oynayırıq, çoxlu kombinasiyalar qururuq və topa nəzarət edirik.

-Bakıda özünü “vacib oyunçu” kimi hiss edirsən?
-Hə, azarkeşlər çox vaxt futbolçuları küçədə tanıyırlar, bu, xoşdur. Olur ki, bəzən öz statusundan istifadə də edə bilərsən.

-Bu o deməkdir ki, restoranda hesabı vermirsən?
-Restoranda bəlkədə yox, amma məsələn, suvenir dükanında və ya kafedə olub belə şey. Amma belə şeylərdən istifadə etmirəm, istəmirəm ki, mənə xüsusi adam kimi yanaşsınlar. Mən heş vaxt məşhur olmağa çalışmamışam. Bakıya gəlincə, çox təhlükəsiz və gözəl şəhərdir. Dəniz var və cəsarətlə bu istiqamətdə istirahəti məsləhət görə bilərəm. Yeganə razı salmayan məqam yollardır. Sürücülər elə sürürlər, sanki onların xüsusi qaydaları var. Şəhərin mərkəzinə avtomobillə getməyi yığışdırmışam. Çünki əsəb olurdum. Tıxaclar çox davam edir, harasa gedib çatmaq çətindir. Siqnal vermək və işıqları “miqat” eləmək adi hala çevrilib. İşqforda dayanırsan, sarı yanır, arxada 4-5-ci maşın başlayır “mıqat” eləməyə ki, hamı tələssin. Bakıda piyada zolaqlarında da ehtiyatlı olmaq lazımdır. Bir maşın da dayanıb piyadaya yol verməyəcək. Əvvəlcə irəli yarım addım atıb, sürücünü yüngülvari “qorxutmaq” lazımdır ki, əyləcə bassın.

-Məşqçi qapıçı bövqeyində tez-tez rotasiya edir? 
-Son vaxtlar mən daha çox oynayıram, demək olar ki, vəziyyət dəyişib. Tez-tez bunu Polşa mətbuatına izah etməli olurdum. Polşada uzun müddət belə fikirlər var idi ki, mən gah oynayıram, gah yox, klubda 1-ci qapıçı sayıla bilərəmmi? Kiminsə şübhəsi varsa, baxsın ki, ən vacib oyunlarda qapıda kim olub? “İkinci nömrə” olsaydım, məşqçi məni Çempionlar Liqası və ya Avropa Liqasında heyətə qoymazdı. Mənim olmadığım görüşlərə baxsaq, rahat şəkildə görmək olar ki, digər aparıcı futbolçular da oynamayıblar. Məşqçi heyətdə rotasiya aparmağı sevir.

-Sən hətta bu qış klubunu dəyişə bilərdin. “Vidzev”lə danışıqlar olmuşdu?
-Bəli, təsdiq edirəm. Təklif oldu və mən onlara “hə” dedim.

-Ciddi?
-Bayaq dediyim kimi idman baxımından Bakıda hər şey məni qane edir, hiss edirəm ki, Çempionlar Liqasında oynayıb inkişaf edirəm. Özünü göstərmək üçün bura ideal yerdir. Amma bir şey var ki, bunu heç kim bilmir, bu haqda danışmamışam. Məşqdən və ya oyundan sonra evə qayıdıram, tək oluram. Yaxınlarımdan çox uzaqdayam. Futbol mənim üşün çox vacibdir. Amma hər zaman birinci yerdə ailəm və yaxınlarım olacaq. İndi xanımım çox vaxt mənmlə bir yerdə qalır, amma o, Polşaya qayıdanda (qiyabi oxuyur) tək çətin olur. Özümü yazıqlamaq istəmirəm, inanıram ki, insanlar məni başa düşər. Mən ailəvi adamam və belə ayrılıq psixologiyama pis təsir edir. Ona görə “Vidzev”in təklifini qəbul etmişdim.

Sən Çempionlar Liqasında oynamaqdan imtina etməyə hazır idin? 
-Bəli, psixoloji sağlığıma görə. “Qarabağ” rəhbərliyi razılaşmadı və bu transfer alınmadı. Elə oldu ki, ehtiyat qapıçı zədə aldı, yeni oyunçunu qeudiyyatdan keçirməklə bağlı isə problemlər yarana bilərdi. Mən komanda üçün o qədər önəmliyəm ki, “Qarabağ” “Vidzev”in təklifindən imtina etdi. Bunu yaxşı başa düşürəm və anlayışla qarşılayıram. “Vidzev” başqa qapıçı ilə müqavilə bağladı və məsələ yekunlaşdı.

Özüm haqqında başqa xəbəri təkzib edə bilərəm. Mənim “Borussiya Dortmund”dan heç bir təklifim olmayıb. Son vaxtlar mənimlə bağlı transfer söhbətlərinin 90 faizi doğru deyildi.

-2026-cı ildə 3 məqsədin? 
-İlk növbədə “Qarabağ”la Çempionlar Liqasında mümkün qədər irəliləmək. Karyeramda növbəti addımı atmaq. Polşa millisində çox istəyirəm ki, debüt edim.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest