"Qalatasaray" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Yuventus"u qəbul edəcək.

Matc.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi qarşılaşmadan öncə keçiriləbn mətbuat konfransında iştirak edib.

İstanbul nəhənginin çalışdırıcısı Okan Buruk evdə qalib gəlmək istədiklərini bildirib:

"Mövsümün əvvəlindəki məqsədimiz ilk 8-likdə yer almaq və birbaşa növbəti mərhələyə keçmək idi. Buna nail ola bilmədik, amma ilk 24-lükdə qalmaq və pley-offda oynamaq şansına sahib olmaq məqsədimizə çatmaq yolunda vacib bir fürsətdir. İlk matçı evdə keçirəcəyik. Bilirik ki, rəqibimizin çox yüksək keyfiyyətli oyunçuları və yaxşı baş məşqçisi var. Yaxşı oynadıqları, amma qalib gələ bilmədikləri matçlar olub. Bir qədər uğursuz bir dövrdən keçirlər. İki gün əvvəl bir matç keçirdilər. Bu mənada düşünürük ki, fiziki cəhətdən daha yaxşı olacağıq. Lakin hər iki komanda Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməyi hədəflədiyindən, bizi çox çətin matç gözləyir. Əvvəllər azarkeşlərimizlə yaratdığımız atmosferi yenidən yaratmaq və cavab oyununda üstünlük qazanmaq üçün evdə qalib gəlmək istəyirik".

"Yuventus"un baş məşqçisi Luçani Spaletti rəqib həmkarı haqda xoş sözlər səsləndirib:

"Hər şeyə hazır olmalıyıq. Öz oyunumuzu oynamalıyıq. "Qalatasaray"ın seçimlərinə hazır olmalıyıq. İlkin təzyiqdən qurtulmaq üçün hərəkətə keçəcəyik. Öz oyunumuzu oynamaq, matçı meydanın onların yarısında keçirmək istəyirik. Bəlkə də bunu edə bilməyəcəyik, amma məqsədimiz budur. Bütün çətinliklərin fərqindəyik. Onların əvvəlki oyunlarını izlədik. Okan Buruku tanıyırıq. Onun nə qədər yaxşı məşqçi olduğunu bilirik. Güclü şəxsiyyətə malikdir. Bu səviyyəli rəqiblə qarşılaşmaqdan məmnunuq. Heç bir təzyiq hiss etmirik. Bu matçla hansı səviyyədə olduğumuzu göstərməliyik. Meydana qalib gəlmək üçün çıxacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest