"Daha çox zədə almayaq. Zədəlilərimiz də var. Çətin olacaq, məqsədlərimizə uyğun irəliləyirik".
"Öz oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdik. "Turan Tovuz" son matçlarda qalib gəlir, psixoloji durumları üstündür. Amma onlara qarşı yaxşı mübarizə apardıq. Çətin oyun alındı. "Turan Tovuz" avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Taktiki cəhətdən oyunçularımdan razıyam. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdür. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq.
Birinci hissədə 1-2 epizod yaratdıq. İkinci hissədə çətinlik çəkirdik. "Turan Tovuz"un mərkəz müdafiəçiləri təcrübəli və güclüdürlər. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün pozitiv nəticədir".
Matc.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 22-ci turunun "Turan Tovuz"la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- Komanda sonuncu dəfə 12-ci turda qələbə qazanıb. Bu qələbəsizliyin səbəbi nədir? Heyətin geniş olmaması mövsümün sonuna yaxın sizə daha çox çətinlik yaradacaq?
- Limitli resursları olan "İmişli" kimi komanda üçün çətindir. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. "Karvan-Yevlax" və "Araz-Naxçıvan"a qarşı matçlarda qələbə əlimizdən çıxdı. Bəxt məsələsində nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün üç xal qazanmaq əsas məsələdir. Son 8 oyunun ikisində uduzmuşuq. "Qəbələ" və "Qarabağ" kimi nəhəng rəqibə qarşı. "Turan Tovuz"la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə qarşı müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Təbii ki, super mövqe deyil. Amma biz hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq. Ümidimiz odur ki, daha çox zədə almayaq. Zədəlilərimiz də var. Çətin olacaq, məqsədlərimizə uyğun irəliləyirik.












