Cüdoda dünyaya səs salmağa iddialı ölkənin milli komandası vətənə əli ətəyindən uzun qayıtdı. Bəli, aprelin 16-da Tbilisidə start götürən və dünən başa çatan cüdo üzrə Avropa çempionatının yekunlarını fərqli qiymətləndirmək çətindi.

Gürcüstana ölkəmizin 15 cüdoçusu – 9 kişi, 6 qadın – yollanmışdı. Bizimkilər yekunda 1 gümüş və 3 bürünc medal qazandı.

Paris Olimpiadasının qalibi Hidayət Heydərov (73 kq) Tbilisidə fəxri kürsünün 2-ci pilləsinə qalxdı (əslində ona verilən şido balını Azərbaycan cüdosuna kəsilən cəza kimi də qiymətləndirmək olar...), Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Skayev (81 kq) 3-cü yeri tutdu.

1 gümüş, 3 bürünc medal Azərbaycanı komanda hesabında yalnız 9-cu (!) etdi. İlk “3-lüy”ə Gürcüstan (4-2-1), Fransa (2-4-6) və Rusiya (2-1-4) daxil oldu.

Çox güman, Azərbaycan cüdosuna rəhbərlik edənlər bu Avropa çempionatının nəticələrini də böyük uğur kimi qiymətləndirəcək. Hər halda, Gürcüstana gedənlərin verdiyi çoxsaylı açıqlamalarda hələ ki buna uğursuzluq deyən yoxdu. Ya da ikinci variantı seçəcəklər: bütün günahı meydan sahiblərinə tərəfkeşlik edən hakimlərdə və tribunaları doldurmayan Gürcüstan azərbaycanlılarında görəcəklər. Nə bilim, vallah...

Şəxsən mən başqalarının əvəzinə də xəcalət çəkməyə hazıram!

football-plus.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest