Mümkün təxirəsalınma barədə gəzən şayiələrə baxmayaraq, dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə və Meksika milliləri arasındakı oyunu təyin olunmuş vaxtda baş tutacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, FİFA daşqın riski və digər hava kataklizmləri səbəbindən narahatlığını ifadə etmiş, bu isə cədvəlin dəyişdirilməsi ilə bağlı müzakirələrə yol açmışdı. Lakin Mexikodakı "Atsteka" stadionunda keçiriləcək oyun planlaşdırıldığı kimi, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 04:00-da) başlayacaq.
Meksika mediasında Böyük Britaniyada matçı yayımlayacaq BBC telekanalının da danışıqlarda iştirak etdiyinə dair xəbərlər yayılmışdı. Lakin telekanal bu məlumatı təkzib edib: "BBC bu müzakirələrdə iştirak etməyib", - deyə telekanaldan bildirilib.
Qeyd edək ki, bənzər qərar Braziliya və Norveç milliləri arasındakı oyunla bağlı da qəbul edilib. Güclü isti hava səbəbindən mümkün təxirəsalınma barədə söhbətlərə baxmayaraq, bu 1/8 final qarşılaşmasının da başlama vaxtı dəyişdirilmədən saxlanılıb. Komandalar iyulun 5-də, Bakı vaxtı ilə saat 24:00-da İst-Rezerforddakı "Met-Layf Stedium" stadionunda üz-üzə gələcəklər.













