Mərakeş əsilli İspaniya millisinin mərkəz müdafiəçisi Aymerik Laport "Atletik" (Bilbao) klubundakı karyerasını başa vuraraq komandasını dəyişə bilər. 32 yaşlı futbolçu "Barselona"nın maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" idman portalı məlumat yayıb.

Bildirilir ki, kataloniyalılar yaxın zamanlarda mümkün əməkdaşlığı müzakirə etmək üçün təcrübəli oyunçunun ətrafı ilə əlaqə saxlamağı planlaşdırırlar. İspaniyanın son çempionu böyük təcrübəyə malik, solaxay mərkəz müdafiəçisi olan Laportun bacarıqlarını yüksək qiymətləndirir. Eyni zamanda Aymerikin transfer dəyərinin yüksək olmaması da bu keçid ehtimalını artırır.

"Barselona"nın idman direktoru Deku hələ dünya çempionatı gedişində Laportun nümayəndələri ilə ilkin danışıqlar aparıb. Tərəflər həmin vaxt bu mövzuya dünya birinciliyi başa çatdıqdan sonra yenidən qayıtmaq barədə razılığa gəliblər.

Klub rəhbərliyi hesab edir ki, İspaniya yığmasının üzvü ən yüksək səviyyədə daha bir neçə mövsüm çıxış etmək gücündədir. "Barselona"da onun liderlik keyfiyyətləri və hücumları rəqib qapısına doğru başlatmaq bacarığı xüsusilə dəyərləndirilir.

Oyunçunun müqaviləsində yer alan sərbəstqalma məbləği 15 milyon avrodan daha azdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest