Tanınmış niderlandlı yarımmüdafiəçi Jorjinyo Veynaldum karyerasını MLS-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.
Bildirilir ki, 35 yaşlı veteran futbolçunun transferində "Real Solt-Leyk" klubu maraqlıdır. Tərəflər arasında danışıqlar artıq başlasa da, hələlik yekun razılıq əldə olunmayıb.
Veynaldum hazırda azad agent statusundadır. Cari ilin iyulun 1-də onun Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu ilə müqaviləsinin müddəti başa çatıb.
Niderlandlı oyunçu 2023-cü ilin yayında Fransanın PSJ klubundan 8 milyon avro qarşılığında ayrılaraq bu komandaya keçmişdi. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində bütün turnirlərdə ümumilikdə 101 matça çıxıb, 38 qol vurub və 17 məhsuldar ötürmə edib.
Təcrübəli yarımmüdafiəçi karyerası ərzində "Feyenoord", PSV, "Nyukasl", "Liverpul" və "Roma" kimi klubların da şərəfini qoruyub.
Veynaldum Niderland millisinin heyətində meydana çıxdığı 96 oyunda 28 qol vurmağı bacarıb.













