30 yaşlı mərakeşli yarımmüdafiəçi Sofyan Amrabat baş məşqçi Məhəmməd Uaxbi komandanın başında olduğu müddətcə milli komandada çıxış etməyəcəyini bəyan edib.
Matc.az xəbər verir ki, bu barədə futbolçu İnstaqram hesabında məlumat yayıb.
"Mərakeşi təmsil etmək karyeramın ən böyük şərəfi idi. 12 il əvvəl ilk dəfə dəvət aldığımdan bəri ölkəm üçün hər şeyimi vermişəm və milli komandanın formasını qürurla daşımışam. Mərakeşə olan sevgim və bu komandanın mənim üçün ifadə etdiyi hər şey heç vaxt dəyişməyəcək.
Bu, çox çətin bir qərar idi, lakin hazırkı baş məşqçinin rəhbərliyi altında milli komandada çıxışımı davam etdirə biləcəyimi hiss etmirəm. Buna görə də, o, öz vəzifəsində qaldığı müddətcə milliyə dəvətlərdən imtina edirəm", – deyə futbolçu bildirib.
Amrabat komandaya və aidiyyəti olan hər kəsə hörmətlə yanaşdığı üçün bu qərarın səbəblərini gizli saxlamağa üstünlük verdiyini qeyd edib.
Son dünya çempionatında Amrabat üç oyun keçirib və bunlardan ikisində sonradan meydana daxil olub. Yarımmüdafiəçinin aktivində milli komandada ümumilikdə 78 oyun var.
Qeyd edək ki, Sofyan Amrabat hazırda Niderlandın "Ayaks" klubunda çıxış edir. Təcrübəli yarımmüdafiəçi 2026-cı ilin avqust ayının sonunda Türkiyənin "Fənərbaxça" klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra Amsterdam təmsilçisinə azad agent statusu ilə qoşulub.











