"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın "Sportinq" klubu ilə keçirilən matçdakı (1:3) hakim qərarlarını sərt tənqid edib.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Buruk iradlarını bu sözlərlə ifadə edib: "Bizim bu norveçli referiyə qarşı əvvəllər də narazılığımız var idi. Bu gün onun göstərmədiyi qırmızı vərəqə və verdiyi mübahisəli penalti komandanın oyun intizamını alt-üst etdi. Halbuki çox rahatlıqla 3 xal qazana bilərdik, lakin hər şey bizim əleyhimizə işlədi. Baş hakim matçın taleyinə birbaşa təsir göstərdi. VAR-dakı referiyə gəldikdə isə, onun heç bir epizoda müdaxilə etməməsi insanda elə bir təəssürat yaradır ki, sanki o, oyunda ümumiyyətlə yox idi".
Qeyd edək ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda İspaniyanın nəhəng klubu "Barselona"nı qəbul edəcək. Bu qarşılaşma oktyabrın 13-də İstanbulda, "Ali Sami Yen" idman kompleksində baş tutacaq.













