"Benfika"nın hücumçusu Vanqelis Pavlidis "Barselona" və "Tottenhem"in diqqətini cəlb edib.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.
Bildirilir ki, London klubu yunanıstanlı hücumçunu aktiv şəkildə izləyir və onun yanvar ayındakı transferini əsas prioritetlərindən biri hesab edir. Pavlidis ilə həmçinin "Aston Villa", "Fulhem", "Milan" və "Yuventus" da maraqlanır.
Eyni zamanda, danışıqlar ilkin mərhələdədir. "Benfika" futbolçunu mövsümün ortasında satmaq istəmir, onun müqaviləsində isə 100 milyon avro məbləğində sərbəstqalma maddəsi nəzərdə tutulub.
Buna görə də potensial alıcılar, yəqin ki, daha az transfer məbləği barədə razılığa gəlmək üçün yaya qədər gözləməli olacaqlar.
Pavlidis Premyer Liqaya keçidə müsbət yanaşır, lakin "Barselona" variantı da onu cəlb edir. Hücumçu üçün Çempionlar Liqasında iştirak, komandada mühüm rol və müntəzəm oyun praktikası vacibdir.
Cari mövsümdə Pavlidis "Benfika"nın heyətində bütün turnirlərdə keçirdiyi 13 matçda 14 qol vurub.













