25 Noyabr 2026, 15:24
FUTBOL
AFFA İntizam Komitəsi Premyer Liqanın XII turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, iclasda bəzi klublara cəzalar tətbiq olunub.
Noyabrın 20-də keçirilən «Sumqayıt» – «Sabah» matçının 33-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan meydan sahiblərinin futbolçusu Lukas Blek 1 oyunluq cəzalanıb. Bu səbəbdən «Sumqayıt» klubu 500 manat cərimələnib.
Noyabrın 21-də baş tutan «Şamaxı» – «Turan Tovuz» qarşılaşmasından sonra isə hər iki komandanın məşqçisi cəzaya məruz qalıb.
Belə ki, fasilədən sonra rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alan «Şamaxı»nın məşqçisi Araz Bağırov və «Turan Tovuz»un məşqçisi Yunis Hüseynov hərəyə 3 oyunluq cəzalanıblar. Hər iki klub 8000 manat cərimə ödəyəcək.
Həmin görüşün 75-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan «Turan Tovuz»un futbolçusu Xorxe Silva isə 3 oyunluq cəzalanıb. Bu cəzanın 1 oyunu şərti hesab olunub. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib. «Turan Tovuz» klubu əlavə olaraq 3000 manat cərimələnib.













