"Xoşbəxt şəkildə ayrılıram. Nəticədən asılı olmayaraq, şəxsi baxımdan karyeramı başa vurmaq üçün möhtəşəm bir yoldur"

Uruqvay millisinin sabiq qapıçısı Fernando Muslera peşəkar futbolçu karyerasını başa vurub. Matc.az xəbər verir ki,  40 yaşlı qapıçı bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun bu qərarı çıxış etdiyi Argentinanın “Estudiantes” klubunun “Copa Libertadores”in finalında Braziliyanın “Palmeyras” komandasına 0:1 hesabı ilə məğlub olmasından sonra açıqlanıb.
 
“Bu qədər. Xoşbəxt şəkildə ayrılıram. Nəticədən asılı olmayaraq, şəxsi baxımdan karyeramı başa vurmaq üçün möhtəşəm bir yoldur”, – deyə Muslera bildirib.
 
Qeyd edək ki, Muslera 2025-ci ilin yayında “Estudiantes”ə qoşulub. O, karyerası ərzində Uruqvayın “Montevideo Wanderers” və “Nacional”, İtaliyanın “Latsio”, Türkiyənin “Qalatasaray” klublarında çıxış edib. “Latsio”nun heyətində İtaliya Kubokunun və Superkubokunun qalibi olan qapıçı “Qalatasaray”la Türkiyə çempionatında səkkiz, Superkubokda altı, ölkə kubokunda isə beş dəfə çempionluq sevinci yaşayıb.
 
Muslera Uruqvay millisinin heyətində 137 oyun keçirib və bu göstərici ilə ölkə tarixində ən çox milli forma geyinən futbolçular arasında üçüncü yerdə qərarlaşıb. O, 2024-cü ilin aprelində millidəki karyerasını başa vursa da, 2026-cı il dünya çempionatı üçün yenidən yığmaya cəlb olunub.
 
Qapıçı 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında iştirak edib. 2010-cu ildə Uruqvay millisi mundialı dördüncü pillədə başa vurub. Muslera, həmçinin 2011-ci ildə Uruqvay yığması ilə Amerika Kubokunun qalibi olub. Bu, komandanın indiyədək qazandığı sonuncu böyük titul olaraq qalır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest