Dünən mövsümün 4 derbisindən ilki keçirildi. İstər avrokuboklarda, istərsə də daxili birincilikdə işləri yolunda gedən "Qarabağ" çətin dönəmdən keçən "Neftçi" ilə qarşılaşırdı.

Birinci qələbəsini ötən turda "Sumqayıt" üzərində qazanan "ağ-qaralar" üçün, bəlkə də, "davam, ya tamam" oyunu idi. Ancaq komanda daxilindəki gərgin ab-hava, azarkeşlərin boykotu və futbolçularda yaranmış inamsızlıqla "Qarabağ"a qarşı nəsə etmək, demək olar ki, mümkünsüz idi. Bu mənada milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə paytaxt təmsilçisi üçün bir şans idi. Lakin hadisələri qabaqlayaraq demək lazımdı ki, "Bney Yehuda" ilə avrokubok matçından bəri olan vəziyyətdə müsbətə doğru heç bir dəyişiklik görünmür.

"Flaqman"dakı bu duruma baxmayaraq, komanda qalib gəlmək məcburiyyətində idi. çünki bakılılar ilk turlardaca çempionluq uğrunda əsas rəqiblərindən, onsuz da, xeyli uzaq düşmüşdülər. Görünür, məhz bu üzdən Roberto Bordin 4-3-3 sxeminə üstünlük vermişdi. "Sumqayıt"a qarşı son oyunla müqayisədə heyətdə dəyişiklik də az deyildi. Xüsusən də, Soni Mustivarın ehtiyatda oturması və "Qarabağ"dan ayrılıb "Neftçi"yə keçən Vild-Donald Geryenin debüt etməsi diqqətdən qaçmadı.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə heyəti müəyyənləşdirərkən "Sevilya" ilə qarşıdakı avrokubok matçını da nəzərə almalıydı. Elə bu üzdən Rəşad Sadıqov, Xayme Romero kimi aparıcı oyunçulara istirahət şansı verilmişdi. Son transfer Asmir Beqoviç isə derbidə debüt etmək imkanı qazandı. Bundan başqa, uzun müddət idi zədədən əziyyət çəkən Bədavi Hüseynov da müdafiədəki yerini almışdı.

Hər iki komandanın taktiki düzülüşü eyni olsa da, ilk dəqiqələrdə məqsədlər başqa idi. "Qarabağ" topa diktə etməyə, "Neftçi" isə rəqibin tempinə ayaq uydurmağa çalışırdı. Qonaqlar ilk dəqiqələrdən müdafiəyə çəkilərək, rəqibin səhvini gözləyirdi. Əslində, bu, doğru seçim idi. çünki ev sahibləri yalnız topu saxlamaqla kifayətlənir, rəqib qapısına yaxınlaşa bilmirdi. Hətta bir epizodda Bədavinin səhvi az qala qolla nəticələnəcəkdi ki, Beqoviç buna imkan vermədi. Aşağı tempdə gedən matçda qolun heç qığılcımı da yox idi.

Bunu başa düşən ağdamlılar hissənin ortalarından etibarən rəqibə sürətli temp təklif etdi, onların da topla oynamasına, irəli çıxmasına şərait yaratdı. "Neftçi"nin isə buna uyması komandaya baha başa gəldi. Mahir Emreli qapıçı ilə təkbətək şansı qaçıranda artıq "flaqman" üçün həyəcan təbili çalınmışdı. Ancaq Bordinin kollektivi bu cür oyundan vaz keçməyincə qapısında qol gördü. Ancaq "Qarabağ" istəyinə çatdıqdan sonra yenidən əvvəlki oyun metoduna döndü.

Amma ikinci hissə sürətli başladı. Əsasən meydanın mərkəzində top uğrunda mübarizə gedir, saysız-hesabsız ötürmə səhvləri olurdu. "Qarabağ" yenə də oyuna nəzarəti itirmir, "Neftçi"nin isə kor-koranə hücum cəhdləri nəticə vermirdi. Bordin müdafiəni çox tez ikinci plana ataraq, Rauf Əliyevi meydana buraxdı, hücum oyunçularının sayını artırdı. Bu da növbəti dəfə onların cəzalanmasına səbəb oldu. Açıq futbol və matçın gedişi meydan sahiblərinin ikinci qolundan xəbər verirdi. Nəticədə ilk qolun assistini edən Abdullah Zubir 70-ci dəqiqədə özü fərqləndi. İlk iki əvəzləmə ilə bakılıların taktiki düzülüşü 4-2-4-ə çevrildi. Ancaq Mustivar kimi, arxadan oyun quracaq meydanda liderlik edəcək futbolçu çatışmazlığı hiss olunurdu.

İnsaf naminə, "Neftçi" 0:2-dən sonra Beqoviçi tez-tez narahat etməyə başladı. ümumiyyətlə, hücum futboluna və topa nəzarətə öyrəşən "Qarabağ"ın müdafiə olunarkən çətinlik çəkdiyi dünənki görüşdə də göründü. Cərimə meydanı daxilində "Qarabağ"lılar çoxluq təşkil etsə də, rəqib qol vəziyyətləri yaratmağı bacarırdı. Belədə isə ağdamlıların imdadına yeni qolkiper yetişdi. Ustalığı, soyuqqanlılığı ilə aşkar seçilən Beqoviçin seyvləri tablodakı 2:0 hesabının sona qədər dəyişməməsinə səbəb oldu. Bəzi epizodlarda isə rəqibin qeyri-dəqiq oyunu və qapı tiri bosniyalı üçün debütün korlanmasına imkan vermədi.

Bu qələbə ilə yoluna itkisiz davam edən Qurban Qurbanovun yetirmələri əsas rəqibini artıq 8 xal qabaqlayır. "Neftçi" isə düşdüyü xaosdan qısa müddətdə çıxa bilməsə, hətta ikincilik də onlar üçün əlçatmaz olacaq.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest