Premyer Liqada V turun qapanış matçı "Qarabağ"ın növbəti rahat qələbəsi ilə yadda qaldı. Yeganə diqqətçəkən məqam, nəhayət ki, son çempionun qapısına qol vuran komandanın tapılması oldu.
Oyunun Zirədə keçirilməsinə baxmayaraq, ev sahiblərinin ağdamlılar qarşısında heç bir şansı yox idi. Görüşün iştirak ərizəsi artıq çox şeydən xəbər verirdi. "Qarabağ"ın ehtiyat oyunçularının "Zirə"nin ideal heyətindən belə güclü olması başqa söhbətin mövzusudu. Amma ilk "3-lüy"ü hədəfləyən komandanın son çempion önünə cəmi 16 oyunçu ilə çıxması çarəsizliyi bir daha ortaya qoyurdu.
Qalib heyətdə edilən 4 dəyişiklik
Paytaxt təmsilçisi ötən turda "Sumqayıt" üzərində səfər qələbəsi qazansa da, Samir Abasov qalib heyətdə dəyişikliklərə əl atmışdı. Bu da rəqibin daha güclü olması ilə bağlı idi. Orxan Sadıqlı, Tellur Mütəllimov və Soni Norde bu dəfə ehtiyatda oturmuşdularsa, Nicat Süleymanov, ümumiyyətlə, heyətdə yox idi. Onları müvafiq olaraq Boyan Zoqoviç, Alvaro Ampuero, Elvin Məmmədov və Rafael Məhərrəmli əvəzləmişdilər. "Qarabağ"da da "Sevilya" ilə oyunun "11-liy"ində 3 dəyişiklik edilmişdi. Ailton Silva, Maksim Medvedev və Miçel ehtiyatda, Faysal Rerrars, Rəşad Sadıqov və İsmayıl İbrahimli start heyətində yer almışdı.
Samir Abasov 5-li müdafiənin önünə 3 dayaq yarımmüdafiəçisi düzmüşdü. Elvin Məmmədovun vəzifəsi həm onlara, həm də tək hücumçu Xulio Sezar Rodrigesə kömək etmək idi. Baş məşqçi bununla rəqibi əks-hücumda yaxalamağa ümid edirdi. Ancaq 1-2 nəfərlə irəli çıxıb, "Qarabağ"ı cəzalandırmaq çətin məsələdi. Hər halda hadisələrin gedişi Abasovun seçiminin yanlış olduğunu göstərdi. çünki Soni Norde ilə Xulio ön xətdə birlikdə çıxış edəndə rəqib üçün daha təhlükəli olurlar. "Qarabağ"ı da irəlidə qarşılayıb, pressinqlə qapıya yaxınlaşmasının qarşısını almağın ən yaxşı yolu bu olardı.
Yerdəyişməyə səbəb olan əvəzləmə, 45 dəqiqəlik şou
İlk dəqiqələr göstərdi ki, "Zirə" 8-9 nəfərlə rəqibi geridən qarşılasa da, düz-əməlli müdafiə oluna bilmirdi. Meydan sahiblərinin orta sahədə yaratdığı sıxlığı qonaqlar asanlıqla yarır, istədiyi zaman qol vəziyyəti yarada bilirdi. Təsadüfi deyil ki, Maqaye Qeye matçda ikinci real şansından yararlanaraq, erkən qola imza atdı. Topla irəliləyərək müdafiəçiləri üzərinə çəkən Abdullah Zubir komanda yoldaşının fərqlənməsinə şərait yaratdı. Həmin epizodda Miloş Bakraçın zədələnməsi "11-liy"i güclə quran Samir Abasovu erkən əvəzləməyə vadar etdi. Ampuero 3-lü mərkəz müdafiəyə çəkildi, Tellur isə onun boşluğunu doldurdu.
Qoldan sonra da ssenari dəyişmədi. Qurban Qurbanovun yetirmələri meydanda istədiklərini edirdilər. Sanki avrokuboka iddia edən rəqiblə qarşılaşmır, məşqdə hansısa terminləri yerinə yetirirdilər, müxtəlif versiyaları sınaqdan keçirirdilər. Nəticədə fasilə ərəfəsində Ampueronu "tozunda qoyan" Romero ustalıqla toru silkələdi və fərqi 2 topa çatdırdı. Qəsəbə təmsilçisi özünə gəlməmiş bu dəfə əks cinahdan qurulan hücum zamanı 3-cü dəfə mərkəzə dəvət olundular.
Layiqli mübarizənin mükafatı
"Zirə" ikinci hissəyə daha bir əvəzləmə ilə başladı. Nordenin Elvini əvəzləməsi taktiki düzülüşə də təsir göstərdi. Ampuero yenidən yenidən müdafiənin soluna keçdi, Tellur sağa çəkildi. Rafael yarımmüdafiənin sağ cinahında, Norde isə solunda oynamağa başladı. Ev sahibləri 4-5-1-ə keçsələr də, komanda hücum edən zaman Norde mərkəzə meyillənərək, gizli "9 nömrə" funksiyasını daşıyırdı. Bu əvəzləmə "Zirə"nin oyununda da canlanma yaratdı. Komanda, xüsusən də, ikinci hissənin ilk 20 dəqiqəsində rəqibə çətin anlar yaşatdı, meydanda daha istəkli göründü. Təbii ki, "Qarabağ" futbolçularının hesabdan qaynaqlanan arxayınlığının da bunda rolu oldu. Təsadüfi deyil ki, Beqoviç bu müddətdə 3 "seyv"lə yadda qaldı. Bu epizodlardan birində bosniyalını məyus etmək mümkün olsaydı, zirəlilər bəlkə daha da ümidlənərdilər. Meydan sahiblərinin getdikcə həvəsdən düşməsi ağdamlıların özlərini çox yormadan dəqiqələri "əritməsinə" yol açdı. Ancaq Xulio Sezarın son dəqiqələrdə cərimə zərbəsindən vurduğu gözəl qol "Zirə"nin ikinci hissədəki mübarizəsinin mükafatı oldu - 1:3.
Ruslan SADIQOV