"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun "Düdelanj" klubu ilə səfər oyununa, eləcə də matçın ilk yarısında qeydə alınan təxribata münasibətini açıqlayıb. Matc.az xəbər verir ki, Ağdam klubunun rəsmisi 4:1 hesablı qələbə ilə bağlı öncə bunları söyləyib:
 
"Bu gün stadiondan sevincli çıxıram. Qürur hissi yaşayıram. Rəqib APEOL-ə 4 qol vurmuş komandadı. Bunların hamısı Avropa klublarıdı, yaddan çıxarmaq olmaz. 4:1 hesablı qələbə tarixi hadisədi. ölkə rəhbərliyini, komandamızı, xalqımızı təbrik edirəm".
 
Klub rəhbəri oyunda baş verən erməni təxribatından da söz açıb:
 
"2002-ci ildən "Qarabağ"a sponsorluq edirik. Burada 17 ilin zəhməti var. Minlərlə saat, milyonlarla manat, minlərlə azarkeş... Bunu bir dronla, bir oyunla pozmağa çalışmağın özü bir bədbəxtlikdi. Bu, qarşı tərəfin çarəsizliyidi. Biz təxribata uymadıq. Şəxsiyyətimiz, duruşumuz, oyunumuzla qalib gəldik. "Düdelanj"ın prezidentinə dedim ki, bu, qəbuledilməz bir haldı. Bu təşkilatçılıq cəhətdən böyük qüsurdu. O da bunu qəbul edib, üzr istədi. O, bu təxribatın içində olmadıqlarını bildirdi. UEFA nümayəndəsi məsələni araşdıracaqlarını qeyd etdi. Bildirdim ki, UEFA bu məsələdə diqqətli olmalıdı. Bu, terror aktı da ola bilərdi. Bunun qarşısı alınmalıdı. özü də bu durumun fərqində olduğunu bildirdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest