Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda baş verən insident meydan sahiblərinə baha başa gələcək. Matc.az saytının məlumatına görə, UEFA Lüksemburq çempionunu cəza tətbiq etməyə hazırlaşır.

Buna səbəb görüşün birinci hissəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla meydanın məkəzinə gətirilməsidi. Məhz bundan sonra meydanda və tribunalarda ara qarışmış, şotlandiyalı baş hakim Con Biton matçı müvəqqəti olaraq yarımçıq dayandırmışdı.

Siyasətin futbola qarışmasına qarşı olan UEFA bu addımın siyasi təxribat olduğunu qəbul edir. Bu üzdən "Düdelanj" təkcə pul cəriməsi ilə canını qurtara bilməyəcək. Adətən belə hallarda stadion bir neçə oyunluq avrokubok oyunları üçün bağlatdırılır. Lakin Lüksemburqda "Jozi Bartel"dən başqa UEFA standartlarına cavab verən arena olmadığından, "Düdelanj"a qrupdakı qalan 1 və ya 2 ev matçını azarkeşsiz keçirmə cəzası verilə bilər.

Qeyd edək ki, "Qarabağ" səfərdə böyükhesablı qələbə qazanaraq, yer aldığı A qrupunda 2-ci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest