"Futbolçularımı təbrik edirəm. Oyuna yanaşmaları çox yaxşı idi". Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.
 
Azərbaycan Premyer Liqasının I dövrəsinin son turunda "Səbail"i qəbul edən paytaxt təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssisin qələbə şərhi belə olub: "Birinci hissəni çox yaxşı keçirdik. Müxtəlif cür təhlükəli vəziyyətlə yaratdıq. Təkcə standart vəziyyətləri qeyd etmək düzgün olmaz. İkinci hissədə də irəli atıldıq, daha bir qol vurmaq istəyirdik. Risk etdik, nəticədə qapımızda bir qol gördük. Rəqibin qoluna qədər yaratdığımız qol vəziyyətlərindən yararlanmalı idik. Səhvimiz 3-cü qolu vurmamağımız oldu".
 
- Düşünmürsünüz ki, Mustivar həddən artıq səhvə yol verdi?
- Bütün komandanın çıxışından razı qaldım. Mustivar bəzən ötürmələrdə çox səhvlər etdi. Amma bu o demək deyil ki, oyununun üstündən xətt çəkmək lazımdı. Zonaları bağlamaqda, komanda yoldaşlarını sığortalamaqda çox yaxşı idi. Hətta bir epizodda komandamızı xilas etdi. Oyunda texniki səhvlərdən çox oyun epizodlarına üstünlük verirəm.
 
- Ardıcıl ikinci inamlı qələbəni qazandınız. Demək olarmı ki, komanda məngənədən çıxdı?
- Həmin durumdan çıxdığmızı demək tezdi. Bunu ötən turdan sonra da demişdim. Yaramızı sağaltmağa və düşdüyümüz durumdan yavaş-yavaş çıxmağa çalışırıq. Oyundan-oyuna komanda özünə gəlir.
 
- Növbəti oyundan sonra "yaramızı bir az da sağaltdıq" demək üçün nə lazımdı?
- Hər matçda buraxılan səhvlərdən və neqativ hallardan nəticə çıxarmalıyıq. Bu gün etdiyimiz səhvlərin üzərində işləyəcəyik. çalışmaqla yaranı daha çox sağalda bilərik. Növbəti oyunda hücumda daha iti olmalıyıq. Bu qədər qol vəziyyətlərindən yararlanmamaq problemdi.
 
- Fasilədən sonra əvəzlənən Səlahət Ağayevin durumu nə yerdədi?
- Qasıq nahiyəsində ağrılar çox olduğu üçün oyunu davam etdirə bilmədi. Hazırda nəsə demək çətindi.
 
- İkihəftəlik fasilə yüksəlişdə olan komandanın xeyrinədi, yoxsa ziyanına?
- Bu oyundan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Ondan sonra əlimizdə çox oyunçu olmayacaq. Onlarla fiziki cəhətdən formamızı yaxşılaşdırmağa çalışağıq.
 
- Adətən qalib heyəti dəyişmirlər. "Qəbələ"yə qarşı yaxşı çıxış edən Tural Axundovun bu gün meydanda olmaması nə ilə bağlı idi?
- Bəli, belə bir deyim var. Amma bu qanun deyil. Mövsümboyu heyəti dəyişməsən futbolçulara ciddi zərər vurar. Tural Qəbələdə yaxşı çıxış etdi, qol da vurdu. Heyətdə çox oyunçu olduğundan, dəyişikliklərə əl atıram. Həftəboyu məşqlərdən və rəqibdən asılı heyət qurulur. Turalla hansısa problemim yoxdu. Məşqçilər korpusu bu dəfə belə qərar verdi.
 
- Stankoviçlə Mbodju bir yerdə görə biləcəyikmi? Yoxsa bu ikilinin birlikdə çıxışının faydalı olmayacağını düşünürsünüz?
- Hər oyuna eyni heyətlə çıxmırıq. Bu da rəqibin oyun üslubundan asılıdı. çempionatda həmçinin limit də var. Bu gün Stankoviçlə Antonun cütlüyünə üstünlük verdim. Gələn oyunda fərqli ola bilər.
 
- Dabo zədəli olduğu üçün oynamırdı, yoxsa axşam social şəbəkədə hansısa statusunu görə bilərik?
- Zədəli olsaydı, ehtiyatda oturmazdı. Kənarda futbolçu varsa, deməli, zədəli deyil, hər an oynaya bilər. Sosial şəbəkə futbolçuların şəxsi işidi.
 
- Hakimliklə bağlı müəyyən narazılıqlar var idi…
- Sizin suallarınız sanki polemika üçündü. Mənim narazılığımı harda gördünüz? Belə sualların mənası yoxdu.
 
- Oyunboyu Darioya tez-tez irad bildirirdiniz. Ondan narazılığınız nə idi?
- Bəzi epizodlarda Dario rəqibin oyunçusunu bağlamırdı, mən də onun yadına salırdım. Darionun adını hər dəfə dilə gətirirəmsə, o demək deyil ki, neqativ cəhətlərə görə səslənirəm. Təkcə ona deyil, digər futbolçulara da səslənirəm ki, ayıq olsunlar.
 
- Limiti qeyd etdiniz. Son vaxtlar limit məsələsi çox müzakirə olunur. Siz də limitin ləğvinin tərəfdarısınız, yoxsa milli komanda naminə belə qalmasını düzgün sayırsınız?
- Limitlə bağlı heç bir şikayətim yoxdu. Fikrimcə, performansı yüksək olan futbolçu meydanda olmalıdı. Bunun azərbaycanlı və ya əcnəbi olmasının fərqi yoxdu. Bəzən 6-7 azərbaycanlı ilə çıxış etmişik. Bu da performansla bağlıdı. Həftəboyu hansı daha yaxşı məşq edir, ona da üstünlük verirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest