Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə həftəsonu başa çatacaq. Matc.az saytının məlumatına görə, şənbə və bazar günləri ikinci dövrənin ilk turunun görüşləri keçiriləcək.
Əsas diqqətlər Qəbələdəki qarşılaşmada olacaq. çempionatın vahid lideri "Qarabağ" autsayderlər sırasında yer alan "Qəbələ"nin qonağı olacaq. ötən mövsümə qədər Ağdam klubunun əsas rəqibi olan "qırmızı-qaralar" bu dəfə fərqli hədəflərə köklənib. Bu komandalar arasında keçirilən son oyunlar da bunu sübut edir.
Məsələ burasındadı ki, tərəflər arasında baş tutan son 6 görüş "Qarabağ"ın qələbəsi ilə nəticələnib. "Qəbələ" axırıncı dəfə rəqibini iki il əvvəl - 2017-ci il oktyabrın 22-də öz meydanında məğlub edə bilib - 1:0.
Keçən ilin əvvəlindən bəri keçirilən 7 görüşün yalnız birincisində "Qəbələ" 0:0 hesablı bərabərliyə sevinə bilib. Qəbələdəki son 3 qarşılaşmadan 3 xalla dönən "Qarabağ" cari mövsümün birinci dövrəsində də rəqibini böyük hesabla üstələyib- 3:0.
ümumiyyətlə, bu komandalar arasında Premyer Liqa tarixində keçirilən 45 matçın 23-də "Qarabağ", 10-da "Qəbələ" qalib gəlibsə, 12 görüşdə bərabərlik qeydə alınıb.
Qeyd edək ki, oktyabrın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu saat 17:00-da start götürəcək.