25 Fevral 2020, 17:28
DÖYÜŞ NÖVLƏRİ
Yunan-Roma güləşi üzrə yığmamız Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir.
Matc.az xəbər verir ki, fevralın 19-dan Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına start verən millimiz martın 2-dək əsasən fizikin hazırlığın yüksəldilməsi istiqamətində çalışmaları həyata keçirəcək.
Toplanış Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun nəzarəti, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutur. Hazırlıq prosesində Rusiyadan dəvət olunmuş bir neçə güləşçi də iştirak edir. Onlar güləşçilərimizin sınaqçı-rəqibi kimi toplanışa qatılıb.
Xatırladaq ki, bu ilin ilk lisenziya yarışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.