Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İsrailin paytaxtı Təl-Əvivdə yerli "Makkabi"yə qarşı keçirəcəyi oyunun baş hakimi Con Biton olacaq.

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İsrailin paytaxtı Təl-Əvivdə yerli "Makkabi"yə qarşı keçirəcəyi oyunun baş hakimi Con Biton olacaq.
 
Matc.az xəbər verir ki, Şotlandiyadan olan FİFA referisi daha əvvəl də Ağdam təmsilçisinin matçlarını idarə edib.
 
38 yaşlı hakim ilk dəfə Avropa Liqasının 2016/17 mövsümündə PAOK – "Qarabağ" matçına təyinat alıb. Qrup mərhələsi çərçivəsində baş tutan həmin oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbəyə sevinmişdi. Con Biton Salonikidəki qarşılaşmada meydan sahiblərinin 3, "Qarabağ"ın 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırmışdı.
 
Şotland referi son olaraq Azərbaycan çempionunun 2019/20 mövsümünün qrup mərhələsində Lüksemburqda "Düdelanj"la matçında iş başında olub. Həmin qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Biton bu oyunda meydan sahiblərinin iki futbolçusuna sarı, bir oyunçusuna isə qırmızı vərəqə verib, üstəlik "Düdelanj"ın qapısına penalti təyin edib.
 
"Qarabağ" sözügedən görüşdə erməni təxribatı ilə də üzləşib. Matçın birinci hissəsində qondarma "Dağlıq Qarabağ respublikası"nın "bayrağı" dronla stadiona gətirilib. Bu üzdən də Biton oyunu dayandıraraq komandaları meydandan çıxarmış, lakin vəziyyət düzəldikdən sonra qarşılaşmanı davam etdirmişdi.
 
Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki "Blumfild" stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest