31 Oktyabr 2020, 19:07
MPL
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Bu oyunda komandamdan daha çox şey gözləyirdim. Mübarizə əsasən meydanın mərkəzində getdi. çox baxımlı futbolun şahid olmadıq. Halbuki daha yaxşı oynaya bilərdik. Bunun üçün potensialımız var. İstədiyimizi gerçəkləşdirə bilmədik".
Bəzi epizodlarda futbolçularına sərt reaksiya verən baş məşqçi onlara dəstək olduğunu da vurğulayıb: "Mən özüm də bu cür reaksiya ilə az üzləşməmişəm. Bir çox məşqçi futbolçularından nə isə tələb edir. Heç də hər zaman belə deyiləm. çünki onlara dəstək olduğum anlar da olub. Ona görə tələbkarlıq göstərirəm ki, daha yaxşı oynaya bilərlər. Futbol oynadığım vaxtda özüm də çox tələbkar olmuşam, epizodlara reaksiya vermişəm".
Gürcü hücumçu Davit Volkovun oyununun alınmamasının səbəbini açıqlayan mütəxəssis bunu qol epizodları yarada bilməmələri ilə əlaqələndirib: "Son 3 oyunda qol vurmaqda çətinlik çəkirik. Cəmi 1 dəfə fərqlənmişik. Sumqayıtda yaxşı qol imkanlarımız oldu. "Qarabağ"la matçda bəzi epizodlarda yaxşı əks-hücuma keçdik. Qol epizodu yaratmaqda çətinliyimiz var. Problemi sırf Volkovla əlaqələndirməzdim. Rəqiblərimiz də bizi analiz edir. "Səbail" yaxşı müdafiə olunurdu. Hücumçu elədir ki, ona şərait yaratmaq lazımdır".