İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə güləşçilər də iştirak edir.
 
Matc.az xəbər verir ki, onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyevdir.
 
Döyüşlərin birində yaralanan Gəncə güləş məktəbinin yetirməsi hazırda Bakıda yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. Qalib yaxın günlərdə hospitalı tərk edəcək:
 
"Sərbəst güləş yığmamızın tərkibində müxtəlif yarışlarda ölkəmizi təmsil edib, bayrağımızı dalğalandırmışam. Bu mənada daima federasiya rəhbərliyinin yaxından dəstəyini hiss etmişəm. Döyüşlər başlayanda könüllü olaraq cəbhəyə yollandım. Xocavənddə gedən döyüşdə yaralandım. Gözümün və çənəmin altından qəlpə yarası aldım.
 
Noyabrın 5-də Füzulidən Bakıdakı hospitala gətirildim. Artıq demək olar ki, tam sağalmışam. Həkimlər noyabrın 11-də hospitalı tərk edəcəyimi deyib. Xəbəri eşidən kimi, federasiya rəhbərliyi mənimlə maraqlandı. Sağ olsunlar, yanıma da gəlmişdilər. Şəxsən federasiyanın prezident əvəzi Namiq Əliyevin hər cəhətdən maddi-mənəvi dəstəyini gördüm. Buna görə ona və bütün federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest