23 Noyabr 2020, 15:34
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan Güləş Federasiyası bəyanat yayıb.
Matc.az həmin bəyanatın mətnini təqdim edir:
"Koronavirus pandemiyası bütün dünyada geniş yayılıb. Təssüf ki, ölkəmizdə də COVİD-19 virusuna yoluxanların sayı artmaqdadır. Bu səbəbdən mart ayından etibarən ölkədə karantin rejimi tətbiq edilib. Nəticədə idman zalları və olimpiya kompleksləri müvəqqəti olaraq məşqlər üçün bağlanıb.
Ancaq Gənclər və İdman Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yanında Operativ Qərargahın çıxardığı qərara əsasən iyun ayından etibarən yığma komandalara təlim-məşq toplanışı keçməyə icazə verilib.
Pandemiya Dünya Güləş Birliyinin (UWW) 2020-ci il üçün nəzərdə tutulan təqvim planına da böyük təsir göstərib. Əvvəlcə iyul ayına qədər bütün yarışlar təxirə salınıb. Daha sonra sentyabr ayında yeniyetmələr arasında dünya və Avropa çempionatının da bu il keçirilməyəcəyi açıqlanıb. Bundan sonra bu yaş qrupu üzrə yığma komandalarımızın məşqləri dayandırılıb.
Oktyabrın 12-də keçirilən UWW-nin İcraiyyə Komitəsinin iclasında 4-10 dekabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan gənclər arasında dünya çempionatı da ləğv olunub. Təbii ki, bundan sonra Azərbaycan Güləş Federasiyası gənclərdən ibarət yığma komandaların da hazırlıq prosesini dayandırmaq qərarını verib.
Dünən bəzi mətbu orqanlarda yerləşdirilən foto isə oktyabrın 6-da çəkilən görüntüdür. O zaman hələ gənclərin dünya çempionatı UWW-nin təqvim planında yer aldığı üçün bu yaş qrupu üzrə milli komandaların məşqləri keçirilirdi. Həmin yarış ləğv olunduğu tarixdən bu günədək Olimpiya Güləş Mərkəzində yalnız böyüklərdən ibarət milli komandalarımız təlim-məşq prosesi keçir.
Məlumat üçün bildiririk ki, bütün təlim-məşq toplanışlarından əvvəl yığma komandaların bütün heyəti koronavirus testindən keçirilir. Testin nəticəsi pozitiv çıxan şəxslər dərhal karantinə alınır və müalicəsinə başlanılır. Təbii ki, həmin şəxslər heç bir halda məşqlərdə iştirak edə bilməz.
ötən həftəsonu sərbəst güləş yığmamız növbəti dəfə testlərdən keçirilib. Nəticədə bir neçə idmançı və məşqçidə koronavirus aşkarlandığı üçün həmin şəxslər karantinə alınıb. Bu gün isə yunan-Roma güləşi üzrə milli komanda testdən keçirilib. Hal-hazırda yığma komandalarımız dekabrın 12-dən 18-dək Belqradda keçiriləcək Fərdi Dünya Kubokuna əvvəlcədən müəyyənləşdirilən plan üzrə hazırlıq prosesini davam etdirirlər. ümumiyyətlə, bütün dünya üzrə yığma komandalar gələn il keçiriləcək Olimpiadanın vacibliyini nəzərə alaraq, gigiyenik qaydalara riayət etməklə təlim-məşq toplanışı keçirlər.
Bir daha bəyan edirik ki, Azərbaycan Güləş Federasiyası karantin qaydalarına tam riayət edir və pandemiya ilə bağlı bütün profilaktik tədbirlər (idmançı və məşqçilərin hərarəti hər məşqdən öncə yoxlanılır, federasiyanın bazası və ofisi mütəmadi dezinfeksiya edilir və s) görülür.
Sonda onu da qeyd edək ki, ötən həftə dünyasını dəyişən gənc və yeniyetmə qızlardan ibarət yığmamızın məşqçisi İsaməddin Hüseynov bir neçə ay öncə ürək-damar sistemindən əməliyyat olunmuş və bu səbəbdən məşqlərdən azad olunmuşdu".