Bu gün Serbiyanın paytaxtı Belqradda Fərdi Dünya Kubokunun startı ərəfəsində hakimlər üçün seminar keçirilib.
 
Matc.az xəbər verir ki, əvvəlcə Dünya Güləş Birliyinin (UWW) Hakimlər Kollegiyasının sədri Antonio Silvestri seminar iştirakçılarını salamlayıb.
 
Daha sonra iclasda koronavirus pandemiyası ilə bağlı tətbiq olunacaq yeniliklər ədalət təmsilçilərinin diqqətinə çatdırılıb. Yeni qaydalara əsasən xalça hakimləri heç bir halda güləşçilərlə təmasda olmayacaq, sosial məsafəni qoruyacaq və xüsusi qoruyucu maskalardan istifadə edəcəklər. Görüş başa çatdıqdan sonra qalib də ənənəvi formada elan olunmayacaq. Belə ki, hansı trikodakı güləşçi qarşılaşmada qələbə qazanacaqsa, hakim həmin güləşçinin geyiminin rəngində olan qolçağı (sarğını) havaya qaldıracaq. Bundan başqa, xalça kənarında yer tutacaq məşqçilərin də maskadan istifadə etməsi mütləq şərtdir.
 
Qeyd edək ki, Fərdi Dünya Kubokunda olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ölkəmizi təmsil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest