Futzal üzrə Azərbaycan millisinin və "Araz" klubunun kapitanı Rizvan Fərzəliyevin azfutzal.az saytına müsahibə verib. Matç.az xəbər verir ki, təcrübəli futzalçı Yüksək Liqanın ilk yarısı, həmçinin milli komanda barədə sualları cavablandırıb.

- "Araz" "qış çempionluğu"nu əldən verdi. EKOL-la oyun haqda qeyd etmək istədiyiniz məqamlar varmı?

- Hesabı rəqib açdı. İkinci "dördlük" meydana çıxdıqdan sonra Ramizdən topu aldılar və qol vurdular. Ancaq sonra biz ardıcıl iki qol vurduq. Ramiz və İsa rəqib torunu silkələdi. Birinci hissə bizim üstünlüyümüzlə başa çatdı. İkinci hissədə də qol epizodlarımız oldu.  Xətai, İsa imkanlarından istifadə edə bilmədilər. Rəqibin ikinci topu vurduğu epizodda hakimin də müəyyən səhvi oldu. Əgər futzalçı outdan topu oyuna daxil edirsə, ondan 1-2 metr kənarda dayanmaq lazımdır. Ancaq İsa topa zərbə endirən anda hakim onun arxasından keçirdi. "Olimpik Star"da məsafə az olduğuna görə toxunuş qaçılmazdı. Nəticədə İsanın zərbəsi də zəif alındı və top rəqib oyunçuya düşdü. Nəticədə boş qapını nişan aldılar. Sona yaxın isə gərginlik yaşandı. Əsəblərinə hakim ola bilməyən Xətai rəqibə qarşı aşkar kobud oynadı və hakim 10 metrlik təyin etdi, qırmızı vərəqə göstərdi. Yeri gəlmişkən, cərimələrə də həssas yanaşmaq lazımdır. Bəlkə də 2-3 cəriməni verməmək, nəticədə limiti keçməmək olardı.

- Oyundan sonra baş məşqçi Alesio nə dedi?

- Oyuna yaxşı köklənməməyimizə, bəsit səhvlərə yol verdiyimizə görə narazılığını çatdırdı. çünki taktiki tapşırıqları tam yerinə yetirə bilmədik.

- Adətən "Araz"ı turnir cədvəlinin zirvəsində, ən yaxın rəqibləri ilə xal fərqinin isə nəzərəçarpacaq dərəcədə böyük olduğunu görmüşük. Hazırkı nəticəni yayda heyətdə edilən dəyişikliyin göstəricisi kimi qiymətləndirmək olarmı?

- Dəyişikliyin ciddi rol oynadığını deyə bilmərəm. Təbii ki, braziliyalılar oynayan vaxtlarda üstünlüyümüz çox idi. Bu dəfə yenə qışa qədər də fərq yarada bilərdik. Ancaq əldə etdiyimiz 3 heç-heçə bizim üçün bağışlanmazdı. Birinci oyunda "Yasamal"FK-nı 4:1 udduğumuz halda yekunda 4:4 hesablı heç-heçə etdik. Elə "Xəzər Cənub"la matçdakı heç-heçə də də yersiz xal itirdik. Həmin oyunda da hesabda 3 top fərqi ilə öndə idik. Yalnız EKOL-la birinci dövrədə qeydə alınmış heç-heçəni ədalətli hesab etmək olar. Həmin oyunları itkisiz keçirsəydik, xal fərqi yenə artacaqdı.

- Qış fasiləsinə qədər qırmızı vərəqə alan oyunçularınız da az olmadı. Bəlkə intizamla bağlı problem var?

- Son oyunda Xətai Bağırovun aldığı qırmızı vərəqə zamanı oyunçumuz səhv etdi. Bir qədər səbrli, soyuqqanlı olmalı idi.Qırmızı vərəqə almısansa, deməli, öz səhvindi. Oyun zamanı kənardan tez-tez xəbərdarlıq olunur.

- Bəs arxada qalan 2 dövrə nə ilə yadda qaldı?

- Yenə iranlı legionerlərə üstünlük verilib. "Neftçi", "Xəzər Cənub", "Yasamal" FK, "Liman" onların xidmətinə ehtiyac duydu. "Xəzər Cənub"un heyətindəki iranlılar daha yaxşı təsir bağışlayırlar. Onlar istənilən rəqiblə başabaş mübarizə aparırlar. "Araz", EKOL və "Yasamal" İSK sırf yerli futzalçılardan qurulub. Komandalar güc baxımından bir-birinə yaxındırlar. Yenə deyirəm, səhvlərə yol verməsəydik, zirvədə biz qərarlaşacaqdıq.    

- İllərdi çempionluğu əldən verməyən "Araz"ın titulunu itirmək təhlükəsi realdırmı?

- Qarşıda hələ 2 dövrə və play-off oyunları var. Marafon uzundu. üstəlik, qış fasiləsindən sonra komandaların hansı heyətlə mübarizə aparacağını bilmirik. Titulumuzu qorumaq üçün əlimizdən gələni edəcəyik.

- Bu arada, dünya çempionatının ilkin və əsas seçmə mərhələsinin püşkü atılıb. Məlum olan və potensial rəqiblərimiz haqda nə düşünürsüz?

- Əsas mərhələnin oyunları Bakıda keçiriləcək. Bu amil bizim üçün müəyyən qədər üstünlük yaradacaq. Slovakiya ilə yollarımız kəsişib. 2015-ci ilin sentyabrında play-off oyunlarında qarşılaşmışıq. Mərhələni biz adlamışdıq, ancaq oyunlar gərgin keçmişdi. Bakıda onları 3:1 hesabı ilə yendik, səfərdə isə 1:1 hesablı heç-heçə etdik. Bu ölkənin klubları ilə də qarşılaşmışıq. Elə çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərimizdən biri bu ölkənin təmsilçisi oldu.  Doğma meydan amilindən mütləq istifadə etməliyik.

- Bəs ilkin mərhələdən hansı komandaların rəqibimiz olacağını proqnozlaşdırırsınız?

- Hollandiya öz qrupunun lideri olacaq. Yəqin ki, Moldova qrup ikincisi kimi bizimlə qarşılaşacaq. Digər qrupda isə aşkar favorit yoxdur ki, ona uyğun dəyərləndirmə aparasan.

- Ancaq millinin baş məşqçisi Joze Alesio xüsusilə də Slovakiya futzalının xeyli inkişaf etdiyini qeyd edib...

- Məşqçinin fikri ilə razıyam. Əksər milli komandalar güclənib, mütəmadi yoldaşlıq oyunları keçirirlər. Rəsmi oyunlara qədər bizim də 4-5 belə oyun keçirəcəyimiz planlaşdırılıb. Seçmə mərhələyə qədər hazır olacağımıza inanıram. Baş məşqçinin də planlarından müəyyən qədər xəbərim var.

- Millini gücləndirməyə ehtiyac varmı?

- Yəqin ki xarici klublarda çıxış edən millinin oyunçularına dəvət göndəriləcək.

- Siz necə, millidəki çıxışınızı davam etdirəcəksiniz?

- Geriləməmişəm, özümdə güc hiss edirəm. Seçim baş məşqçinindir. Dəvət göndərsə, məmnuniyyətlə "ürəyimizi qoyacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest