“Qarabağ” illərdir Avropa kuboklarında böyük klublarla bərabər şəraitdə mübarizə aparır, topa nəzarət edir və oyunu rəqibin yarısına daşımağa çalışır. Futbol şərhçisi Aslan Kərimov Matc.az-a açıqlamasında komandanın bu səviyyəyə yüksəlməsinin səbəblərini şərh edib.
Kərimov hesab edir ki, uğuru yalnız baş məşqçinin fəaliyyəti, oyun üslubu və ya konkret futbolçularla izah etmək düzgün deyil.
 
“Yaxşı nəticənin bir neçə faktoru olur. Bütün amillər üst-üstə düşməlidir ki, belə mənzərə yaransın”, – deyə şərhçi bildirib.
 
Onun sözlərinə görə, “Qarabağ”ın əsas üstünlüyü topu nəzarətdə saxlamaq və bu üstünlüyü real qol imkanlarına çevirməkdir. Komandanın oyun modeli topun olduğu zonada say üstünlüyü yaratmağa əsaslanır.
 
“Böyük səviyyəli oyunlarda yalnız müdafiədə oturmaqla qısamüddətli uğur qazanmaq olar, lakin uzunmüddətli yarışda bu yanaşma işləmir”, – Kərimov deyib.
 
O vurğulayıb ki, Avropada davamlı nəticə üçün komanda həm müdafiə etməyi, həm oyuna nəzarət etməyi, həm də lazım olduqda əks-hücumlardan yararlanmağı bacarmalıdır. Kərimovun fikrincə, “Qarabağ” topa sahib olmayanda uğur qazanmaq çətinləşir.
Şərhçi transfer siyasətini uğurun əsas komponentlərindən biri sayır. Onun fikrincə, futbolçunun tanınmış çempionatdan gəlməsi vacib deyil; əsas məsələ düzgün seçim etmək və oyunçunu komandanın sisteminə uyğunlaşdırmaqdır.
 
“Bəlkə də bunlar məşhur liqalardan gələn futbolçular deyildi, amma yüksək texniki və fərdi bacarığa malik idilər. Belələrini tapanda onlardan səmərəli istifadə edə bilirsən”, – Kərimov qeyd edib.
 
Kərimov həmçinin məşq prosesinin və oyunçuların intizamının rolunu önə çəkib. Onun sözlərinə görə, futbolçuların eyni oyun fəlsəfəsi çərçivəsində mütəmadi hazırlanması və peşəkarlıq səviyyəsinin artırılması uzunmüddətli uğurun əsas şərtlərindəndir.
 
Şərhçi qeyd edib ki, bütün hazırlığa baxmayaraq, bəzi hallarda həlledici rolu şans oynayır. Nümunə olaraq o, Bəhlulun son saniyədə vurduğu qolu göstərib.
 
“Nə qədər yaxşı oynasan da, son saniyədə qol vurmaq müəyyən qədər şansdan da asılıdır”, – deyə Kərimov vurğulayıb.
Kərimovun fikrincə, “Qarabağ”ın Avropadakı davamlı uğurları düzgün transfer siyasətinin, topa nəzarətə əsaslanan cəsarətli futbolun, sistemli məşq prosesinin, futbolçuların peşəkarlığının və idman şansının birləşməsinin nəticəsidir.
 
Mahir AXUND 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest