Türkiyə futbolunda milyonlarla azarkeşin diqqətini özünə çəkən “Qalatasaray” – “Fənərbaxça” derbisi bu günün ən çox müzakirə olunan qarşılaşmalarından biridir. Belə oyunlarda təkcə üç xal uğrunda mübarizə getmir. Meydandakı gərginlik, azarkeş təzyiqi, psixoloji üstünlük və komandaların hazırkı forması matçın taleyinə birbaşa təsir göstərir.

Budəfəki derbi öncəsi komandaların vəziyyəti isə fərqli mənzərə yaradır. “Qalatasaray”ın daha sabit oyunu və hücum potensialı diqqət çəkdiyi halda, “Fənərbaxça”da müdafiə səhvləri, hücumdakı anlaşılmazlıqlar və qeyri-sabit çıxış müzakirə mövzusudur. Bəs İstanbulun iki nəhənginin duelində hansı tərəf daha şanslıdır?

Azərbaycanın tanınmış məşqçisi Tərlan Əhmədov matç.az saytının əməkdaşı ilə söhbətində “Qalatasaray” – “Fənərbaxça” derbisi ilə bağlı fikirlərini bölüşüb. Mütəxəssis hazırkı vəziyyətdə “Qalatasaray”ın rəqibindən üstün olduğunu düşünür və meydan sahiblərinin qələbəyə daha yaxın olduğunu hesab edir.

“Türkiyədə “Qalatasaray” – “Fənərbaxça” derbisi həmişə böyük ajiotajla müşayiət olunur. Bu qarşılaşmalar oyundan əvvəl də, sonra da uzun müddət müzakirə edilir. Azarkeşlər arasında ciddi rəqabət var, futbolçular meydanda sonadək mübarizə aparırlar. Belə matçlarda emosiyalar və gərginlik də yüksək olur”, – deyə Tərlan Əhmədov bildirib.

Məşqçi son illərdə iki komandanın çıxışını müqayisə edərkən “Qalatasaray”ın daha baxımlı və sürətli futbol nümayiş etdirdiyini vurğulayıb.

“Son illərə nəzər salsaq, “Qalatasaray”ın bir çox komponentdə “Fənərbaxça”dan üstün olduğunu görərik. Komanda daha keyfiyyətli futbol oynayır, uğurlu transferlər edir və daha sabit çıxış nümayiş etdirir. Həm Avropadakı, həm də daxili çempionatdakı nəticələr bu baxımdan önəmlidir”, – deyə o qeyd edib.

Əhmədovun fikrincə, “Fənərbaxça”nın əsas problemlərindən biri müdafiə xəttində yol verilən sadə səhvlərdir. Onun sözlərinə görə, komandanın səviyyəli futbolçulara sahib olması hələ meydanda istənilən nəticəni təmin etmir.

“Fənərbaxça”nın müdafiəsi çox zəif təsir bağışlayır. Futbolçular sadə səhvlərə yol verir, anlaşılmazlıqlar yaşayırlar və komanda asan qollar buraxır. Hücum xəttində də problemlər var. Səviyyəli oyunçular transfer olunsa da, hələlik meydanda lazımi anlaşma görünmür. Yaradılan qol imkanlarından düzgün istifadə edə bilməmək komandanın qələbə qazanmasına mane olur”, – deyə mütəxəssis bildirib.

“Qalatasaray”ın hücum potensialından danışan Əhmədov Viktor Osimhenin adını xüsusi vurğulayıb. Onun qənaətinə görə, nigeriyalı hücumçu fərdi keyfiyyətləri ilə derbinin nəticəsinə təsir göstərə bilər.

“Qalatasaray”da Osimhen kimi futbolçu var. O, təkbaşına belə oyunun nəticəsini həll edə biləcək gücə sahibdir. “Qalatasaray” daha kompakt oynayır, meydanda nizam-intizamı qoruyur. Bu da komandanın üstünlüklərindən biridir”, – deyə Əhmədov əlavə edib.

Tanınmış məşqçi derbi öncəsi psixoloji vəziyyətin və klubdaxili sabitliyin də vacib rol oynadığını bildirib. Onun fikrincə, “Qalatasaray” təzyiqlə daha yaxşı mübarizə aparır, “Fənərbaxça” isə azarkeş gözləntiləri və klub ətrafındakı gərginlik fonunda çətinlik yaşayır.

“Qalatasaray” təzyiqlərə tab gətirə bilir. “Fənərbaxça”da isə həm azarkeşlərin gözləntiləri, həm də klub daxilindəki problemlər komandaya təsir edə bilər. Rəhbərlik səviyyəsində sabitlik, düzgün idarəetmə və transfer siyasəti meydandakı nəticələr üçün də əhəmiyyətlidir. Baş məşqçi ilə bağlı qərarların qeyri-müəyyənlik yaratması da komandanın oyununa təsirsiz qalmır”, – deyə o vurğulayıb.

Əhmədov “Qalatasaray”ın ev sahibi olmasını da əlavə üstünlük kimi qiymətləndirib. Mütəxəssis hesab edir ki, komandanın son uğurları futbolçulara əlavə motivasiya verir, “Fənərbaxça”nın qeyri-sabit çıxışı isə rəqibin şanslarını artırır.

Derbinin nəticəsi ilə bağlı konkret hesab söyləməyin çətin olduğunu bildirən məşqçi bununla belə, favoritini açıqlayıb.

“Məncə, “Qalatasaray”ın qələbə şansı daha yüksəkdir. Dəqiq hesab demək çətindir, çünki derbilərdə hər şey baş verə bilər. Amma oyun keyfiyyətinə, komandanın sabitliyinə, hücum potensialına və meydan amilinə baxsaq, “Qalatasaray” daha üstündür. Düşünürəm ki, meydan sahibləri daha intizamlı və keyfiyyətli oyun nümayiş etdirərək qalib gələ bilərlər”, – deyə Tərlan Əhmədov fikirlərini yekunlaşdırıb.

Murad AXUND

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest